Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki 9 əsas trendi paylaşım. Bu trendlərə əslində ənənəvi jurnalistika doqmalarını yıxma təşəbbüsü də deyə bilərsiniz. Bir qismini çox problemli görsəm də, bizdə illərdir Həsən bəy Zərdabiyə baxıb 21-ci əsrin mediasını dizayn etməyə çalışan, təxminən 150 il əvvəlki təcrübəni örnək göstərib “peşəkarlıq” dərsi keçən və bu dərsdən “5” aldığını hər şəraitdə gözə soxmağa çalışan media sektorumuzun aydınlanması üçün faydalı ola biləcəyini düşünürəm.

İki danimarkalı jurnalist 8 Avropa ölkəsi və ABŞ-ın 59 media qurumunu araşdırıb nəticələrini “The Journalistic Connection” kitabında toplayıblar. Kitabın hələ ingiliscəsi yoxdur, amma Niemanlab saytında kitab haqqında geniş məqalə var. (Link burada) Kitabda diqqət çəkən 9 trend:
1. “Tərəfsizlik” prinsipindən uzaqlaşıb açıqca öz tərəfini ortaya qoyan media qurumları artır. Bu yanlış anlaşılmasın, güc-iqtidar sahiblərinin dəyirmanına su daşıyıb amma “bu bizim tərəfsiz, obyektiv mövqeyimizdir” şüarına sığınmaqdan çox fərqli durumdur. Media öz izləyicisinə “mən kiməm?” sualının cavabını dürüstcə verir.
2. Hər kəsə xitab edən jurnalistikadan daha dar sahələrə fokuslanan “niş” jurnalistikaya keçilir. Media qurumları CNN, BBC kimi hədəf-kütlələrini geniş ictimaiyyət olmaqdan çıxardıb, gənclər, qadınlar, intellektuallar və s. kimi daha kiçik auditoriyanı qazanmaq yolunu seçirlər.
3. Oxucuları sürüdən kluba keçirmək, oxucuları təkcə abunəçiyə çevirməyib həm də onları bir klubun üzvü kimi görmək də medianın yeni istiqamətlərindəndir. Bunun ən yaxşı örnəyini “New York Times” eləmişdi. Oxucu-izləyicilər media qurumunun klubuna üzv olaraq fərqli fəaliyyət sahəsinə girirlər. Bundan ilhamlanıb “AzTV tamaşaçıları klubu” fason şey düzəltməyin, amandır, mövzu tamam başqadır.
4. Qəzetlər üzvlük modeli çərçivəsində yazar-oxucu görüşləri, festivallar və s. kimi tədbirlər təşkil edərək oxucularla media təmsilçilərini görüşdürürlər. Fransanın “Le Monde”si kimi.
5. Monoloqdan dialoqa keçid də populyarlaşan media trendidir. Artıq media qurumları mən yazdım, xəbər verdimlə işini bitmiş hesab etmir, oxucularını da xəbər istehsal prosesinə qoşur, onlara qarşı şəffaflaşır. Yəni, media öz oxucu-izləyicisini dinləməyə başlayır. Bunu da bildiyiniz sosial mediayla məhdudlaşdırmır, daha fiziki metodlarla tətbiq edir.
6. Media adətən müstəqilliyini və tərəfsizliyini itirməmək üçün siyasətçilərdən vətəndaşlara qədər hər kəsi redaksiyadan uzaq tutmağa çalışırdı. Artıq bu yıxılır, editorial müstəqilliyi qorumaq şərtiylə auditoriya ilə əməkdaşlığı genişləndirən media qurumları formalaşır. Almaniyanın “De Correspondent” saytı kimi.
7. Mülkiyyətdən fərqli platformalara keçid də sürətlənir. Media qurumları öz əməyini qorumaq şərtiylə fərqli platformları da jurnalistika prosesinə daxil edirlər. Məsələn “Wall Street Journal”-ın Snapchat Discover istifadəsi ya da Washington Posta “Pulitzer” mükafatı qazandıran Twitter əsaslı Trump araşdırması kimi.
8. Problemdən həllə: Əvvəllər sadəcə problemləri işıqlandırıb qırağa çəkilən media artıq fəaliyyətini bununla məhdudlaşdırmır, problemlərin həllinə fokuslanmış jurnalistika praktikasını sınaqdan keçirir. Danimarka telekanalı DR ya da Berkeley Araşdırmacı Jurnalistika Mərkəzi kimi.
9. Nəhayət, media müşahidəçi rolundan aktivist roluna keçir. Bu trendə bizim kimi coğrafiyaların media qurumları simpatiya ilə yanaşa bilərlər bəlkə də. Hətta Guardianı da bu trendin maraqlı təmsilçilərindən biri kimi örnək göstərə bilərlər. Yuxarıda da dediyim kimi bu trendlərin bəzilərini jurnalistika doqmalarını yıxmaq kimi də başa düşmək olar, bəzilərini də jurnalistika peşəsini dinamitləmək kimi də qəbul etmək. Ümümi olaraq bütün bu trendlərin ortaq xüsusiyyəti innovasiya və eksperimentdir. Əkinçi qəzeti də öz dövrü üçün innovasiya və eksperiment idi. Amma dediyim kimi, sadəcə öz dövrü üçün.

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Oxucudan şikayət

Gerçək deyə bir şey qalmadı artıq. Nə oxuduğumuz, nə gördüyümüz, nə də