Jurnalistlərdən gözləntilər

Jurnalistlərdən gözləntilər:

1- Gün ərzində 100-ə yaxın xəbər başlığı qoymaq saytınızı zəngin göstərməz, əksinə onun həftəbecər olduğuna dəlalət edər. Az yazın, saz yazın.

2- Masa arxasından qalxın, qapını açıb küçəyə çıxın. Oxucuya, vətəndaşa gedin. Vaxtınızın çoxunu yazmağa, azını isə araşdırmaya ayırırsınız. Tərsini edin. Çox araşdırın, az yazın.

3- Xəbər yazarkən mətbuat xidmətlərinə, siyasətçilərə, məmurlara istinad etməyə çalışmayın. Mikrofonunuzu daha çox hadisənin qəhrəmanlarına tuşlayın. Əmin olun, onların fikri ekspertlərin, siyasətçilərin, məmurların fikrindən daha dəyərlidir.

4- Bəzi tədbirlər var ki, sadəcə iştirak edənləri maraqlandırar. Ona görə, ya xahiş-minnətlə, ya da ödənişlə tədbirlərini işıqlandırmağınızı istəyərlər. Bəzi tədbirlər də var ki, ictimaiyyətin çoxluğu üçün maraqlıdır. Təşkilatçılar pul vermirlər deyə, ictimaiyyəti maraqlandıran tədbirlərə göz yummayın. Ayrıca PR məqsədli xəbərlərin əksəriyyəti oxucuların xoşuna gəlmir. Biləsiniz.

5- Çağdaş jurnalistikanın uğur hekayəsi çox vaxt böyük manşetlərdən gəlməz, kiçik, əhəmiyyətsiz kimi görünən, amma çox insanı maraqlandıran xəbərlərdən çıxar.

6- Xəbərlərinizə qonaq olan insanları iqtisadi imkanları cəhətdən qruplaşdırın. Görəcəksiniz ki, ya güclülərdir, varlı və məşhurlardır, ya da az da olsa zəfilərdən, kasıblardan yazırsınız. Bu ikisinin arasında sıxışıb qalan orta təbəqəyə diqqəti artırın.

7- Sosial şəbəkələrdə informasiya bolluğu artdıqca etibarlı xəbər qurumlarının, həqiqi jurnalistlərin dəyəri daha çox bilinməyə başlayır. Yalan xəbər yazmayın, onunla peşəkar mübarizəyə qoşulun. Çox vaxt bilərək, bəzən də bilmədən yazdığınız yalanlar bir gün sizi də əzə bilər. Üstünüzə doğru gələn ən sevdiyiniz avtomobil kimi təsəvvür edin. Nə qədər xoşunuz gəlsə də, üstünüzə gəlir, məcbur qaçmalısınız.

8- Kimisə tərifləmək, kimisə qınamaq sizin işiniz deyil. Xəbərinizi yazın, bir neçə saat içində oxucunun kimi tərifləyib, kimi qınadığını görəcəksiniz.

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar