Jurnalist obyektivliyinin yayğınlaşan sərhədləri

Bütün jurnalistlər obyektivliyə çalışmalıdır. Reportyor da, fotoqraf da, təhlilçi də, köşə yazarı da, veriliş aparıcısı da. Ancaq rollara görə diapazon fərqi var. Reportyorun obyektivliyi ilə təhlilçinin, köşə yazarının obyektivliyi üçün qoyulan tələblər dəyişir.

Siyasi, iqtisadi məsələləri işıqlandıran reportyor həqiqət axtarışında öz üstünə heç bir məsuliyyət götürməməlidir. İnformasiyaları, bilgiləri sözçülərin, mənbələrin üstünə yükləməlidir. O, mühakimədən, dəyərləndirmələrdən, şübhələrdən, yönləndirmələrdən qaçmalıdır. Hökumətdən və iri təsir qruplarından qıraqda durmalıdır, mübahisə edən tərəflərdən heç birinə yaxın görsənməməlidir. Obyektivlikdə ən açar məsələ faktdır, onu önə çəkməlidir. İstənilən dəyərdən, inancdan uzaq durmalıdır. Əhvalatı, xəbəri rasional yolla, emosiyasız çatdırmalıdır, auditoriyanın nəticə çıxarmasına təsir eləyəcək fəndlərə əl atmamalıdır. Əvvəl əhvalatı, sonra tarixçəni danışmaqla işini bitirməlidir. Fərdlərin problemlərini, yaxud təbii fəlakətləri, qəzaları, faciələri işıqlandıran reportyorun bir qədər humanitar motivlərlə tərəfkeşlik eləməsi təbiidir. Konfliktləri işıqlandırmaq bir az fərqli və xeyli çətinidir, xüsusi hazırlıq tələb edir. Burda obyektivlik tələbi daha sıxıdır. Bu barədə ayrıca danışmaq lazımdır.

Təhlilçilərə gələndə, bu prinsiplər baza olaraq götürülür, ancaq fikir söyləmə, öncəgörmə, bəşəri dəyərlərin müdafiəsi normaldır. Söylənilən fikirlər gətirilən faktlarla, arqumentlərlə möhkəmləndirilir. “Common sense” bir istiqamət olaraq götürülür.

Köşə yazarları obyektivlik iddiasında deyillər.  Çox vaxt maraq qruplarına meyllənirlər.  Fikri yönəldirlər. Ancaq burda da obyektivlik bir növ mayak rolunu oynamalıdır. Bəşəri dəyərlərin, elmi dünyagörüşün, modernləşmənin müdafiəsi kimi tərəfkeşlik köşə yazarının obyektivliyinə çox da xələl gətirmir. Əks halda “aşağı problu” köşə yazarlığı alınar.

Niyəsini misallar əsasında deyim. Bəşəri dəyərlər elə-belə yaranmır. Uzun təkamülün nəticəsidir. Bəzi dəyərlərin yer tutması üçün nə qədər tonqallarda yanan olub. Nə qədər ziyalı əzablı yollardan keçilib, toplumun şüuru nə çətinliklərlə bir pillə yüksəlib. İctimai elmlərin irəliləməsi bir çox məsələlərdə konsensusa gətirib çıxarıb. Məsəl üçün, belə bir konsensus var: ümumiləşdirmələr yolverilməzdir. Yaxud təbiət elmlərinin inkişafı elm adamları arasında belə bir konsensusa gətirib: canlı aləm indiki formaya təkamül yolu ilə gəlib çıxıb.

Bir köşə yazarının bu dəyərləri, bu konsensusu müdafiə eləməsi tərəfkeşlik deyil, obyektivliyin müdafiəsidir. Faktın müdafiəsidir.

Bir misal. Tutalım, müəyyən maraq qrupları müasir elmin təkamülü qəbul eləməməsi barədə yalan məlumatlar yayırlar. Bir köşə yazarı bu yalana qarşı çıxanda onu dini inanclara qarşı qərəzlilikdə günahlandırırlar. Məsələ ondadır ki, köşə yazarı faktı müdafiə eləyir: elm təkamülü qəbul eləyib və həmin faktın gizlədilməsini, auditoriyaya səhv çatdırılmasını ifşa edir. Yəni qərəzlilik eləmir. Obyektiv məlumatın çatdırılmasına çalışır. Dünyadan xəbərsizlərin, elmdən xəbərsizlərin tovlanması ssenarisinə qarşı çıxır. Qərəzli faktı təhrif eləyəndir, fakta əsaslanan, faktı müdafiə eləyən yox.

Həll olunmuş məsələləri yenidən gündəmə gətirməyə çalışmaq nəyə bənzəyir? Məsələn, riyaziyyatçılar kvadrat tənliyin iki kökünün olması barədə konsensusa gəliblər. Daha doğrusu, bunu sübuta yetiriblər. Birisinin çıxıb kvadrat tənliyin üçüncü kökünün olması iddiasını ortaya atması və mediada müzakirəyə çıxarmasını köşə yazarı tənqid eləyirsə, bu, obyektivliyin müdafiəsidir. Üçüncü kökü “tapana” qarşı qərəz deyil. Həll olunmuş məsələləri yenidən mübahisə predmetinə çevirmək çağdaş medianın işi deyil.

Başqa bir misal daha aktualdır. Çağdaş dünya dəyərlərinə görə, ümumiləşdirmələr yolverilməzdir. Damğa vurmaq yolverilməzdir. Din dövlətdən ayrı olmalıdır,  siyasətə qarışmamalıdır. Bu dəyərlərin yer tutması üçün bəşəriyyətin başı  nələr çəkib. Axırda rasonal bir qərar çıxarılıb. Hüquqda, davranışda, sosial həyatda, mediada normaya çevrilib.

İndi tutalım, İranda birisi rəqibini və ya rəqib qrupu  gözdən salmaq üçün deyir ki, o yeziddir. Özünə, müttəfiqinə mələk donu geydirmək üçün, toxunulmaz statusu qazanmaq üçün İmam Hüseynin adına sığınır. Yəni nə rəqiblərinin Yezidə dəxli var, nə öz qrupunun İmam Hüseynə. Yezid də, imam Hüseyn də 13 əsrdən çoxdur ki, ölüblər. Yezid dediyi adam heç kəsin başını kəsməyib. Özünü İmam Hüseyn sayanın isə başı üstündə cağbacağ durur. Yezid deməkdə məqsədi adamları, sistemi, cəza dəstələrini qıızışdırıb rəqibin  başını kəsdirməkdir. Yəni bu dəfə baş kəsməyə girişən özünü Hüseyn ardıcılı sayandır.

Bunun bir analoqunu da  şiəliyin yox, sünniliyin ənənə olduğui Türkiyədə görürük.  21-ci əsrin aparıcı türk siyasətçiləri AKP-çilər özlərini Adnan Mendereslə eyniləşdirirlər. Nədən ki, Adnan Menderes Türkiyə tarixində edam olunan tək baş nazirdir. Onu çevrilişlə yıxıb qanunsuz yaradılmış bir məhkəmədə mühakimə eləyiblər. Bir sözlə öldürüblər. Menderesin qətlində birbaşa əli olanlar çoxdan ölüblər. Nə Menderesin indiki liderlərə dəxli var, nə də onu edam edənlərin və ya öldürənlərin indiki Ərdoğan əleyhdarlarına.

Təbii, Menderesin əzabkeş obrazı var. Türkiyənin indiki liderləri özlərini onunla eyniləşdirməklə, rəqiblərini Menderesin edamçıları kimi qələmə verməklə adamları fişləyirlər. Ki, edam cəzası bərpa olunsun və rəqiblərini tutub öldürsünlər. Eynilə bayaqkı İmam-Yezid nümunəsində olduğu kimi. Bu dəfə öldürən tərəf Menderesçilər olacaq. Yəni Menderesə qarşı ədalətsizliyin yaratdığı emosiyanı bu dəfə Özünü imam, yəni Menderes sayanlar rəqiblərinə qarşı eləməyə çalışırlar. Menderes öldürüləndə heç anadan olmamış rəqiblərinə qarşı. (Bir haşiyə çıxım ki, Menderesə qarşı həm çevriliş, həm məhkəmə qanunsuz idi. O, normal hüquq sistemində mühakimə olunmalı idi. Çünki, Menderesin populist, qızışdırıcı siyasəti İstanbul poqromlarına səbəb olmuşdu. Etnik, dini düşmənçilik zəminində 40-a yaxın yunan, erməni, yəhudi öldürülmüş, xristian və yəhudilərin minlərlə evi, mağazası dağıdılmışdı. Onun hökumətinin poqromların qarşısını almaması, üstəlik, köylərdən avtobuslarla poqromçuların İstanbula daşınmasının təşkil eləməsi faktdır. Poqromları tətikləyən Seloniki terrorunda hökumət adamlarının əli olması barədə şübhələr bu gün də qalır. Poqromlardan sonra hökumətin başladığı istintaq da Menderesin rəqiblərinə – məsələn kommunistlərə və Əziz Nesin kimi ziyalılara qarşı yönləndirilmişdi.)

Türkiyə prezidentinin ümumiləşdirmə aparması, təriqət ayrı-seçkiliyi salması birinci dəfə deyil. Onun bir məşhur çıxışı vardı. Demişdi ki, taqiyə (ikiüzlülük) məsələsində şiələr gülənçilərin əlinə su tökməyə yaramaz. Yəni ikiqat ümumiləşdirmə aparmışdı: şiələr ikiüzlüdürlər, ancaq gülənçilərə çatmazlar.

Bu gün Türkiyədə gedən proseslərdən yazan jurnalistlərin edam cəzasını qaytaran, çağdaş dəyərlərin əleyhinə siyasət yürüdən Ərdoğanı tənqid eləməsi qərəzdir, yoxsa dəyərlərin müdafiəsi? Qərəzdir, yoxsa Menderes faktının yarısını malalayıb, o biri yarısından sui-istifadə edilməsi faktının üstünün açılması? Qərəzdir, yoxsa dinin siyasətə alət edilməsinin hansı fəlakələrə aparması barədə tarixi faktların yenidən tarixi, siyasəti bilməyən adamlara çatdırılması? Qərəzdir, yoxsa edam cəzasının siyasi alət olması haqda tarixdəki çoxsaylı faktların, sübutların, örnəklərin yenidən xatırlanıb gələcək təhlükələrdən xəbərdar etmə?

Qərəzdir, yoxsa mədəni dünyada bu metodların istifadə olunmaması barədə faktın çatdırılması?

Əgər bu köşə yazarları rəqib qruplardan hansınısa təbliğ eləmirlərsə, özlərnin də siyasi iddiaları yoxdusa onda sualın cavabı birmənalıdır.

Müəllif: Rövşən Əliyev

rovshen-aliyev

Facebook şərhlər

Oxşar

Oxucudan şikayət

Gerçək deyə bir şey qalmadı artıq. Nə oxuduğumuz, nə gördüyümüz, nə də

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki