Jurnalistika sifət istəmir

Xəbər yazarkən sifətlərdən mümkünsə istifadə olunmamasının tərəfdarıyam. Mümkünsə dedim, mümkün olduğuna da inananlardanam. Bunun bir qayda olmadığını da başdan deyim. Sadəcə ciddi xəbərçilik naminə bir seçim məsələsdir. “Məşhur müğənniyə ağır itki üz verib” tipli xəbərləri heç  vaxt oxumaram, məndə maraq oyandırmır belə xəbərlər. Əgər məşhurdursa, hamının tanıdığını düşünüb ad-soyadını yazmaq kifayət edər. İtkinin də mahiyyətini konkret yazardım, əgər “ağır”dırsa oxucu bunu onsuz da “ağır” qəbul edəcəkdir. “Məşhur müğənniyə ağır itki üz verib” yerinə “Filankəsin nənəsi vəfat edib” yazmaq daha peşəkarcasına gəlir mənə.

Sifətlər faktı dəyişdirməz, amma faktı necə qavramalı olmağımız haqqında bir diktə kimi görünür.  Yazanın duyğularını, üzüntüsünü, sevincini, ideologiyasını əks etdirər. Bir oxucu üçün müxbirin ya da redaksiyanın həyəcanı, təlaşı, stressi ya da kədəri niyə əhəmiyyətli olsun ki?!

Xəbərin yazılma mərhələsinə istiqamət verən klassik 6 suallı düsturu xatırlatmağa ehtiyac yoxdur yəqin ki. Kim,  nə, nə vaxt, niyə, necə və harada suallarının cavabını verməyən xəbərlər natamam hesab olunur. Yarımçıqdırlar. Ancaq bu suallar bəzən səhv salına da bilər. Elə xəbərlərdəki şişirdilmiş sifətlər və zərflər də yuxarıdakı düsturda “necə” sualının yanlış başa düşülməsindən yaranır.

Sifət xəbərin obyektivliyinə xələl salmaqla qalmır, xəbəri yazanın subyektiv hakimiyyətinə də tabe edir. Beləcə fakt faktlıqdan çıxır. Sifətlər oxucuda təsəvvür yarada bilər, amma onu yanıldar da. Faktı gözdən sala da bilər. Xəbər mətnindəki sifətlər “filan hadisə olub, amma sizin fikirləşdiyiniz kimi deyil, bizim fikirləşdiyimiz kimidir” deməyin primitiv yoludur.

Xəbər oxucu zehnindəki suallara cavab vermək üçün yazılmış mətndir. Bu mətnlərə sifətlər doldurulanda oxucunun sualları cavablanmır, əksinə bu sualların sayı artır, istiqaməti dəyişir.

Azərbaycan mediasında xəbər dilində sifətlərin hakimiyyəti bir az jurnalistikayla publisistikanın sərhədlərinin qarışmasından da irəli gəlir. Bu anlayış iddia edir ki, yaxşı jurnalistin mütləq qələmi iti, təsvir qabiliyyəti yüksək olmalıdır.   Soruşsan, çox adam üçün Mirşahinin telejurnalistliyi görüntülərin üzərinə yapışdırılmış bədii bər-bəzəkli cümlələrlə ölçülür. Uzun illər dövlət qəzetinə baş redaktorluq etmiş bir şəxsin jurnalistikanın inkişafını və peşəkarlıq səviyyəsini obrazlı düşünməklə paralelləşdirməsi də bunun nümunəsidir: “Gördüklərini beyninin süzgəcindən keçirərək daha yaxşı formada ifadə etməyi də bacarmalısan! Məsələn, “çatma qaşlı, qara gözlü” əvəzinə “qaranquş qaşlı, qartal baxışlı”, yaxud “alma yanaq, büllur buxaq”  formalı bənzətmələr..”

Sifətlər faktın yetərincə güclü olmadığı zamanlarda müəllifin dadına çatan vasitədir. Əsgərin xainliyini ortaya qoya biləcək güclü faktlar olsa, jurnalistin “xain əsgər” deməyinə də ehtiyac qalmır. Ya da qatilin qəddarlığını göstərəcək faktları sadalasa “vəhşicəsinə qətl etdi” deməyinə də lüzum qalmır. Faktın əskikliyinin, jurnalistika araşdırmasındakı yarımçıqlığın üstü mətn içindəki sifət və zərflərlə qapadılmağa çalışılır.

Xəbərlərdə sifətlərdən istifadə vərdişini azaltmağın məsləhətli yollarından biri də o sifətin əksini düşünməkdir. “Ögey qız” yerinə “doğma qız” yazsanız nə dəyişəcək?  “Müsəlmanlara qarşı iyrənc addım” yazanda bu addım xristianlara yönəlsə nə yazacağıq məsələn?  “İyrənc” sifətini saxlayacağıq, yoxsa onu “möhtəşəm”lə əvəzləyəcəyik? Tutaq ki, təhsildə rüşvətə etiraz edib mitinq keçirənlər niyə “müxalif etirazçılar” olurlar? Məgər “iqtidarçı etirazçılar” rüşvəti dəstəkləyirmi? O zaman niyə sadəcə “etirazçılar” yazmaq yolu seçilmir?

Dediyim odur ki, “xain”, “qəddar”, “alçaq”, “vəhşi” və s. yazmayın. Elə yazın ki, xainlik, qəddarlıq, alçaqlıq, vəhşilik xəbərdə öz əksini tapsın. İtkilərin ağırı, yüngülü olmur. İnsandan insana dəyişən qavrayışlardır sifətlər. İtkinin faktını ortaya qoyun, oxuyan onun ağırlığını və ya yüngüllüyünü özü təyin edə bilər. Peşə hörmətini piara qurban verib hər kəsə, hər şəxsə “tanınmış”, “məşhur” sifətini yapışdıranda çox adam özünü gerizəkalı kimi hiss edir, “mən niyə tanımıram axı” deyə soruşur.

Sifətlər heç nə göstərməz, heç nə məlumatlandırmaz.  Xəbəri yazarkən, mümkünsə mübtəda və xəbərlə yazın. Aralara lüzumsuz, şişirdilmiş sifət və zərf qarışdıranda artıq o mətn xəbər mətni olmaqdan çıxır, yazanın sinə dəftərinə çevrilir.

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Tərcümə xətaları

Xarici dildə danışa bilmək heç də həmin dildən müxtəlif səpkili tərcümələr edə