Kimdir bu MTN-çi jurnalistlər?

Dünya media tarixi məxfi təhlükəsizlik xidmətlərinin jurnalistlərlə əməkdaşlıq skandallarıyla doludur. Nə uzağa getməyə, nə də yaxında axtarmağa da ehtiyac yoxdur. Bilinən ən məşhur örnəyi Watergate skandalını araşdıran Washington Post müxbirlərindən  Carl Bernsteinin “CIA və Media” məqaləsində çox gözəl izah olunur. Altı aylıq araşdırmasını tamamlayıb 1977-ci ildə  “Rolling Stone” jurnalında dərc etdirən müəllif adlarını çəkərək kimlərin CIA ilə necə əməkdaşlıq etdiyini yazırdı. Məqalədə 400-dən çox amerikalı jurnalistin CIA üçün işlədiyi yazılırdı. Onların arasında informasiya gətirib pulunu alan jurnalistlər də vardı,  jurnalist kimi görünən CIA agentləri də. Hətta CIA həmin jurnalistlər vasitəsilə  xarici ölkələrdə jurnalist yetişdirib işə də cəlb edirdilər.  (Məqaləni oxumaq üçün keçid)

Uzaq Amerikaya getdik, amma yaxınlardan da misallar çəkmək mümkündür. Türkiyə mediasında iddia olunurdu ki, 90-cı illərdə Mesut Yılmaz baş nazir ikən iki jurnalistə Türkiyə təhlükəsizlik xidmətinə işləyən jurnalistlərin adını vermişdi. İndilərdə də Türkiyədə “CIA üçün işləyən jurnalist” müzakirələri çox aktualdır. Ya da Ergenekon və Balyoz əməliyyatları zamanı “Taraf” qəzetinin oynadığı rolu agentura mediası çərçivəsində analiz etmək üçün kifayət qədər əsas var.

Bu yaxınlarda MTN agentləri haqqında xəbərlər yayıldı. Məlum oldu ki, onların arasında “TT” ləqəbli baş redaktor da var və MTN-ə ötürdüyü məlumat qarşılığında bu qurumdan “mükafat” da alırmış. Ölkə mediası da uçan naməlum obyekt görmüş kimi mövzuya heyrətlə işıq tutmağa çalışdı.

Başdan deyim. Pul müqabilində olmayan şeyi olmuş kimi yazan, olanı yazmayan jurnalistlə MTN-çi qəzetçilər arasında prinsipial heç bir fərq yoxdur. Hər ikisinin peşə fəaliyyəti eyni qapıya çıxar. Aralarındakı fərqi isə sadəcə ifşa olunduqları vaxtın cəmiyyətin reaksiyası təyin edər.  O qədər.

Bəs MTN-çi jurnalistlər kimlərdir? Sual  sizi aldatmasın. Bu yazıda hər hansı MTN-çi jurnalist adını oxumayacaqsınız. Faktım, sübutum yoxdur. Olsaydı, birinci cümlədən yazardım. Ancaq onların kim olduğuna dair ümumi izahım, hər xəbəri ya da müəllifi oxuduqdan sonra işimə yarayan düsturum var.

Milli təhlükəsizlik xidmətləri ilə medianın fəaliyyəti arasında paralellik qurmaq çox asandır. Hər iki qurumun da işi informasiya ilədir. Hər iki qurumun fəaliyyəti, informasiya olmazsa, toplum üçün heç bir əhəmiyyət daşımaz. Ancaq medianı milli təhlükəsizlik xidmətlərindən fərqləndirən informasiyanın ötürüldüyü ünvandır. Jurnalist topladığı informasiyanı cəmiyyətə, oxucu və tamaşaçılarına çatdırır. Onlarla ünsiyyətə girmədən araya MTN dayanacağını qoyanda jurnalist jurnalist olmaqdan çıxır, agentə çevrilir. Agent informasiyanı MTN-ə ötürər, jurnalist isə oxucusuna, tamaşaçısına.

Agent-jurnalistlərin işi bununla qurtarmaz. “Kimdir bu MTN-çi jurnalistlər?” sualına cavab axtararkən MTN sifarişiylə cəmiyyətə məlumat ötürən jurnalistləri hara yerləşdirək? Onları MTN-çi  qəzetçi saymayaq? Bu günə qədər təsdiqini tapmamış, yalan olduğu ortaya çıxmış yüz minlərlə çirkin iddialı informasiyalarda MTN əlini axtarmayaq?

Agent-jurnalistlər təkcə MTN-ə informasiya daşımazlar. Həm də MTN təmsilçilərindən aldıqları tapşırıqları media vasitəsilə gerçəkləşdirirlər. Nəyi yazıb, nəyi yazmayacaqlarını bu tapşırıqlar müəyyənləşdirir. Yazdıqları da çox vaxt faktdan məhrum olur. Çünki, verilmək istənən mesaja o qədər fokuslanırlar ki, o mesaj üçün tələb olunan faktları uydurmaq heç də çətinlik yaratmır. Qarşılığı da “çox sağ ol” olmur, çünki quru “sağ ol”la qarın doymur.

Jurnalisti özünə agent etdiyi üçün MTN-i qınaya bilmərik. Hər peşə qrupunun içinə sızmaq, oralardan informasiya toplamaq bütün təhlükəsizlik xidmətlərinin ən təbii haqqıdır. Nəinki haqqıdır, hətta vəzifəsi, öhdəliyidir. Heç bir qanun, heç bir məntiq bu qurumlara media və jurnalistlərlə əməkdaşlığı qadağan etmir, edə də bilməz.

Ancaq jurnalistika peşəsi öz dəyərləri və əxlaq prinsipləriylə jurnalistlərə aldığı informasiyanı oxucu və tamaşaçısından əvvəl başqa qurumlara ötürməyi, onlarla maddi alverə girməyi, onların zurnasını üfləməyi qadağan edər. Bu qadağanı özünə yük görənləri də nə peşə bağrına basar, nə də media sektoru.  Əksi baş verəndə də, nə o peşəyə hörmət qalar, nə də o sektora.

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki