Media tənqidi: nə üçün, kim üçün?

 Jurnalistikanın məqsədi nədir, ictimaiyyət qarşısındakı öhdəlikləri hansılardır, jurnalist kimə qarşı məsuliyyət daşıyır? Jurnalistikanın tarixi elə bu kimi suallara cavab axtarışlarının tarixidir. Bitməyib, davam edir. Yeni suallar, yeni cavab axtarışları media tənqidini də canlı saxlayır. Bunun nəyi pisdir ki?! Bir tərəfdən medianın özünütənzimləmə prosesinə nəfəs verməyə çalışır, media professionallarının fəaliyyətinə güzgü tutur, digər tərəfdən də oxucuların nəyin niyə xəbər olub-olmadığını anlamalarına kömək edir.

 İnformasiya kanallarının, medianın öz alıcısını qazanma vasitələrinin artmasına baxmayaraq oxucusu ilə arasındakı uçurum böyüyür.  Sensasiyaya qaçış, belaltı instinktlərə səslənən mövzular, vizuallığın cazibəsinə qurban verilmiş məzmun, kliklənmə həyəcanı ilə gözdən salınmış peşə prinsipləri… Qəzetlərdə, xəbər saytlarında xəbər oxuya bilmirik, oxumağa xəbər tapmırıq, tapanda oxumaq istəmirik. Xəbərlə aramıza qalın divarların hörülməsinə göz yumuruq və oxucu olaraq bundan heç narahat olmuruq. Propaqanda xəbəri udur, piar manşetləri yeyir, şoubiznes vizual anlayışlarımızı çeynəyir. Siyasət və biznes manipulyasiya edir, bir qrup  media bu manipulyasiyanı zövqlə və könüllülüklə, bir qrupu isə bilmədən yayır, bizlərə normal imiş kimi qəbul etdirməyə çalışır.

Oxucu hesabat istəyir, siyasət hesabat istəyir, reklamverənlər timsalında biznes hesabat istəyir. Hələ sponsorları, himayədarları demirəm. Bütün bu hesabat mərasimlərinin peşə maraqlarına diqqət göstərmədiyi çoxumuza aşkardır. Ancaq media məhz peşə prinsiplərinə əməl etdikcə öz cavabdehlik borcunu da yetirə bilir. Əgər ANS telekanalı bir media qurumu kimi öz məsuliyyətini dərk etsəydi, cavabdehlik borcunu nəzərdə saxlayıb tamaşaçı hesabatına qulaq versəydi, o zaman bağlanma əmri qarşısında bu qədər yalnız qalmazdı. Bağlanmazdı demirəm, ancaq bu haqsızlıqla üzləşərkən mütləq ictimai dəstək hiss edərdi.

Təəssüflər olsun ki, media tənqidi sevmir.  Qərbdə media tənqidi ilə məşğul olan ciddi qurumlar var. Jurnallar, kitablar, akademik forumlar, universitetlər.  Hər bir media qurumunun  ombudsmanı (oxucu təmsilçisi)  oxucu şikayətlərini araşdırır, media orqanının fəaliyyətini peşəkarlıq tərəzisində çəkir, tənqid edir, səhvləri dilə gətirir, yol göstərir. Bu tənqidlər və müzakirələr şəxsiləşdirilmir, onların heç biri gözügötürməyən tənqidçilərə çevrilmirlər.

Varolma səbəbini açıqlarkən jurnalistikanın əldə bayraq etdiyi, toplum  adından öhdəliyinə götürdüyü tənqid  medianın özünü hədəf alanda kefi qaçır, aqressivləşir.   İndiki dövrdə bu narahatçılıq başadüşüləndir də.  Ənənəvi media liberal nəzəriyyələrin konseptinə uyğun olaraq “dördüncü hakimiyyət” olmaqla öyünərkən  özündən əvvəlki üç hakimiyyəti tənqid etməklə öz missiyasını az qalsın müqəddəsləşdirirdi.

İnternetin yayılması və yeni medianın həyatımıza daxil olmasıyla ənənəvi media bu missiyasını, tənqiddən sığortalanmış vəzifələrini bölüşmək məcburiyyətində qalır. İnternetə qoşulan ağıllı telefon sahibi hər kəsin potensial jurnalist  ola biləcəyi yeni media məkanı ənənəvi medianın tənqid monopoiyasını zədələyir. Ənənəvi media tənqid etmə gücünü artıq oxucusuyla bölüşmək məcburiyyətində qalır. Cəmiyyətə deyəcək sözü olan insanların sosial media səhifələrinin izləyici sayı bir çox xəbər saytının oxucu sayını dəfələrlə üstələyir. Belə bir şəraitdə medianı anlamaq nə dərəcədə vacibsə, medianın da bizləri anlaması o dərəcədə əhəmiyyət qazanır.

Bizim kimi akademik yanaşmanı təmsil edənlər, nəzəriyyəçilər, praktikadan kənarda qələm oynadan “məktəbli”lər medianı məsuliyyətsizliklə, peşəkarlıqdan uzaq davranmaqla, jurnalistikanın peşə prinsiplərindən uzaqlaşmaqla günahlandırırlar. Buna cavab olaraq da media dünyası bizim həqiqətdən bixəbər olduğumuzu, tətbiqi mümkün olmayan nəzəri fikirləri ideallaşdırdığımızı, bu işin bizim zənn etdiyimiz kimi olmadığını iddia edirlər.

Media tənqidi məhz burada praktik dünyanın ortaya qoyduğu “mümkünsüzlüklər”ə çarə axtarır. Bu çarələr də elə zənn edildiyi kimi tətbiqi mümkün olmayan nəzəri fikirlər dəstəsindən sayılmazlar.

“Məktəbli” nəzəriyyəçilərin xəbərdə balans, tərəflərin adil təmsili kimi tənqidlərinə praktikanın cavabı adətən “qarşı tərəfin mövqeyini yazmağa hazırıq”dan o tərəfə keçmir.

Nəzəri yanaşmaçılar məlumatı bir neçə mənbədən təsdiqlətdirməyin əhəmiyyətini dönə-dönə vurğulayarkən heç bir rəsmi mənbə hələ açıqlama verməyib deyə insanların ölümü ilə nəticələnən qəza xəbərlərinin yazılmamasını, yazıla bilməməsini də nəzərdə tutmurlar.

Praktikaçılar peşəkar rəqabəti “Rövşən Lənkəranskinin ölüm xəbərini ilk hansı media qurumu yaydı” sualı ətrafında axtararkən, “məktəbli nəzəriyyəçilər” medianın Günəşli neft yatağındakı faciənin detallarını yaza bilməməsinin səbəblərinə fokuslanır.

Qısası münaqişə akademik yanaşmayla praktik təcrübə arasında deyil.  Münaqişəni bu antaqonizm üzərində formullaşdırmaq praktika cəbhəsinə bəlkə də  sərf edə bilər.

Münaqişə kimi görünən şey, praktikanın kimi zaman “mümkünsüz” dediyi, kimi zaman tənqiddən sığortalanmağa çalışdığı peşə problemlərinə bəzən praktik çarə axtarışıdır.  Media etikasını nəzəri konsept olmaqdan xilas etmək, daha praktik zəmin üzərində yenidən düşünmək cəhdləridir.

 Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki