Median. cafe: Nə üçün, kim üçün?

median-cafeNiyə meydana çıxmırsınız? Niyə TV-lərdə, radiolarda çalışıb örnək göstərmirsiniz? Peşəcə jurnalist olub hazırda xəbər mediasında çalışmayanlar, yalnız sosial media və şəbəkələrlə kifayətlənənlər yəqin bu sualı tez-tez eşidirlər. Hamının əvəzindən cavab vermək kimi çıxmasın, ancaq hamı üçün ümumi məsələlər var ki, onları qeyd eləmək lazımdır.

İlk suala qarşı sualla başlayaq. Niyə meydana çıxmalıyıq ki? Jurnalist qəhrəmandır ki, meydana çıxsın, meydan sulasın, meydan oxusun? Adından göründüyü kimi, media işçisi median xətdə olmalıdır. Hökumətin, müxalifətin yanında yox.

Demokratik təcrübəsi, normal xəbər mediası olmayan ölkələrdə istər toplumun, istər onun aktivistlərinin mediadan gözləntiləri, medianı dəyərləndirmələri əsasən yanlışdır. Ya problemləri aşkarlayanları “düşmən dəyirmanına su tökməkdə” günahlandırırlar,  ölkəni dünyada təbliğ eləmək vəzifəsini uydururlar, ya da jurnalisti problemlərin üstünə gedən cəngavər kimi görmək  istəyirlər. Azərbaycanda kütlənin böyük əksəriyyəti bu iki  mövqedən birindədir və hər iki baxış səhvdir. Bu cür baxışlar təkcə kütlə arasında yox, bəzən  mediada 20-30 il təcrübəsi olan ekspertlərdə də özünü göstərir.  Bu  problem jurnalistika nəzərəyyəsində tam, praktikasında qismən çözülüb. Məşhur Lippman-Divi debatı reportyorun obyektivliyinin gərəkliliyinə aydınlıq gətirdi.  Mediada subyektiv baxışlara əsaslanan rəylərin yox, düzgün məlumata əsaslanmış analizlərin önəmini təsdiqlədi. (Çomski hələ də dediyini deyir, ancaq nə nəzəriyyədə ciddi qəbul olunur, nə sanballı medianın  praktikasında tətbiq olunur. Bu baxış “gizli məqamlar”dan, “səhnəarxası”ndan danışan yazarların özfəaliyyəti tipli bir şeydir.) Almond-Lipman konsensusu isə media-siyasət münasibətlərinin prinsiplərinə çevrildi.

Müasir reportyorluğun əsas prinsipləri keçən əsrin 20-ci illərində hazırlanənb. Uolter Lippman reportyorların öz üstlərinə qərarvericilərlə xalq arasında əlaqələndirici rolundan daha böyük yük götürməli olmadığını dedi. Jurnalistikada fikir və faktın ayrılması erası başladı. Və bu prinsip indiyəcən qəbul olunur. Sadə desək, jurnalistika fikrə yox, fakta əsaslanmalıdı, onun əsas sütunu reportyorluq institutudur.

İndiki dövrdə, reportyorun yeri ortadadır. Nə o tərəfdə, nə bu tərəfdə. Nə dost yanında, nə düşmən dəyirmanında. Nə xoşuna gəlməyən faktları gizlədir, nə gerçəkliyi kiminsə istəyinə uyğunlaşdırır, nə də “yaxşı nədir, pis nədir” sualına cavab verir. Bir sözlə, nə fikir söyləyir, nə mövqe bildirir. Ən çətini bu mövqeni qorumaqdır. İstər hökumətdən, istər müxalifətdən, istər hər ikisinin qızışdırdığı kütlədən.

Azərbaycanda ən təminatsız, ən müdafiəsiz, ən dayaqsız, ən çox basqı ilə üzləşən təbəqə belə reportyorlardır. Qəribəsi isə odur ki, ən ağır basqı redaksiyaların içindən gəlir. Ortada durmaq böyük risqdir. Siyasiləşmiş tərəflərin bir-birinə hücum üçün istifadə elədikləri alət olmaq üçünsə nə gerçək  cəsarət lazımdı, nə peşəkarlıq, nə dərin inlellekt.  Bunun adını istəyirsiniz qəhrəmanlıq qoyun, istəyirsiniz peşəkar jurnalist işi qoyun – fərq eləməz.

Məncə, “meydana niyə çıxmırsınız?” sualına az-çox aydınlıq gəldi.

Avtomatik ikinci sual gəlir: onda niyə mediaya çıxmırsınız? Bu yaxşı sualdır. Cavabını Azərbaycanda tapmaq çətindir. Hansı TV-nin, hansı radionun, hansı saytın qarşısında auditoriyanı doğru-dürüst, tərəfsiz məlumatlandırmaq məqsədi qoyulub? Hansına siyasi təsirdən, məqsəddən uzaq baş redaktor, menecer təyin edilib? Bu işə Azərbaycanda neçə qəpik sərmayə yatırılıb? Ölkədə propaqanda, siyasi təsir və ya sadəcə baş qatmaqdan  fərqli bir məqsədi olan iri xəbər mediası tanıyırsınızmı?

Bəs yenisini yaradıb örnək göstərmək? Geridən görünməyə bilər. Peşəkar xəbər saytı, radio yaratmaq ağlasığmaz məbləğlər tələb edir. Təkcə məbləğmi? Azad reklam bazarı varmı, iqtisadi şərait varmı, media qurumlarının aksiyaları birjalara çıxarılırmı?

Suallarınız uzana bilər. Və gəlib belə bir nöqtəyə də çıxa bilər: elə isə sosial mediada tənqidliçiklə məşğul olmaqdansa media monitorinqi qrupu yaradın. Bu da geridən sadəcə qələmi götürüb yazmaq işinə bənzəyir. Ancaq peşəkar media monitorinqi bir elmi-tədqiqat institutu boyda qurum tələb edir. Üstqurumu ilə, işçiləri ilə,  texnikası ilə, ofisləri ilə…

Bir halda ki, toyxana, çayxana kadrları medianı işğal  eləyiblər, onda bizim çayxanaya, kafeyə çəkilməkdən başqa yolumuz qalmır.

Təbii, sosial mediada reportyorluq,  redaktorluq, lap elə köşə yazarlığı eləmək mümkün deyil. Sosial mediada diskussiyalara impulslar vermək olar, səhvlər barədə siqnallar vermək olar, ancaq peşəkar medianın işini orda görmək olmaz.

Demək niyə meydan yox median, niyə TV yox, kafe suallarının cavabı aydın oldu.

Tamadalar, manıslar, siyasi funksionerlər TV-dəykən, peşəkar jurnalistlərin kafeyə yığışıb dərdləşməkdən başqa yolu qalırmı?  Median.cafe-də.  Üzrlü sayın, real kafe də  deyil,  virtualdır.  Ancaq ağzınızın dadını burda biləcəksiniz.

Müəllif: Rövşən Əliyev

rovshen-aliyev

Facebook şərhlər