Medianı korlamağa dövlət qayğısı

Azərbaycanın xəbər mediası neft bumundan sonra yaraşıqlı yeni ofislər, yeni texnika üzü gördü, özünü modern saydı.  Azərbaycan hökuməti neft pulu ilə parıltılı layihələr gerçəkləşdirdi, bir iş gördüyünü sandı. Həmin media  da bunu iş görmək kimi qələmə verib yerini şirin saldı. Beləcə əl-ələ verib şərikli “işlədilər”.

Prezidentin köməkçisi Əli Həsənov növbəti mükafatpaylama mərasimlərindən birində bu işbirliyini yığcam ifadə eləyib: “Azad mediasız, intellektli jurnalistlərsiz biz heç nə edə bilmərik. Ona görə də dövlət jurnalistlərin qayğısına qalır”.

Mətbuat Şurasının başbilənlərindən tutmuş dövlət məmurlarınacan hər kəs bu fikri təkrarlayır. Guya, ölkəni dünyada sanballı eləmək üçün qəşəng təbliğat apara bilən “intellektli jurnalistlər” lazımdır. Bu məqsədlə ətək-ətək pullar xərcləyirlər. Səhərdən axşamacan medianı güdürlər. İnstruksiyalar verirlər. İradlar bildirirlər. Halbuki, əksinə olmalıdır: media hökuməti güdməlidir.

Jurnalistlərin  bir qismini ayırıb “intellektli” adlandırıb onların “qayğısına qalmaq” medianı hökuməti güdmək funksiyasından uzaqlaşdırır. Bir iş görülmədiyini, yəni pulların silindiyini cəmiyyətə deyən olmur. Və ya görülən işlərin səhv olması, zərərli nəticələri haqda cəmiyyəti xəbərdar eləyən olmur. Bir gün dövlətli, jurnalistli, vətəndaşlı hamı gözünü quru yerdə açır. Bir sözlə, medianı azad rəqabət bazarından məhrum eləyib onu qayğı hesabına yaşatmaq, modern ofislərlərlə, texnika ilə təmin eləmək modernləşmə deyil. Qlamurlaşma ilə modernləşmə tamam fərqli şeylərdir.

Yaxşı pul olsa mağara adamını belə bərbərə, bazar-dükana aparıb qısa bir vaxtda gözəgəlimli eləmək olar.  Hətta brend paltarlar geydirib model görkəminə salmaq olar. Ancaq mağara adamı da gərək  o dəqiqə modernləşdiyini düşünməsin. İstənilən hərəkətindən özünü tanıdacaq. Dəyişmək, irəliləyiş, modernləşmə – bunlar təkcə puldan asılı məsələlər deyil.

Belə şeylər reformasız olmur. Mən reformanı yuxarıdan gözləyənlərdən deyiləm. Əgər yuxarının işi yağ kimi gedirsə, istədiyi kimi idarə eləyirsə, niyə reforma haqda düşünməlidir ki? Kimin işi getmir – o düşünsün. Məsələn, jurnalistikada reforma lazımdır. Çünki jurnalistlərin işi getmir. Xəzərdəki fəlakət jurnalistləri neftçilərdən daha bərk vurdu. TV-lər heç nəyə yaramadılar. Trend, Sputnik, Report kimi kostyumu, qalstuku, saç düzümü yerində, adı müstəqil, özü rəzil agentliklər heç nəyə yaramadılar.

İdarəedənlər bir cızıq çəkiblər. Bu cızığın içində özünü xoşbəxt sayanların hamısını bərbərə, dükan-bazara aparıblar. Onlara əzbərlədiblər ki, siz dövlətçiliyin keşikçilərisiniz. Dünyada informasiya müharibəsi gedir. Siz də cəngavərlərsiniz.  Onlar da Jolaman kimi instruksiyalardan qırağa çıxmırlar. Mətbuat Şurasını nəzarətçi qoyublar. Ancaq indi elə bir zamandı ki, nə yaddaşlı qul bir işə yarayır, nə yaddaşsız. Kimdi o əzbərlərə, əzbərlənənlərə baxan? Bu əzbərlərin nəyə təsiri var?  Indiki dünyada propaqanda bir qəpiyə dəymir, niyə milyonlar tökürsünüz?

Azərbaycanda adı media olan bu həngamə, bu sərmayə, bu əzab-əziyyət heç nəyə yaramır. Nə dövlətin işinə, nə  vətəndaşın, nə – jurnalistlərin. Jurnalistləri ölkənin imicini yaxşılaşdırmağa cəlb eləmək medianı korlamaqdan başqa heç bir işə yaramır. Ölkənin dünyadakı imici medianın necə çalışmasından, jurnalistlərin intellektli olub-olmamasından zərrə qədər asılı deyil. Bir örnək deyim. Saakaşvili bir günün içində sovetlərdənqalma avtomobil müfəttişliyini (QAİ, DAM) ləğv elədi. Vəssalam. Bütün dünya bu ölkədə gerçək islahatlar başladığını görüb hörmət eləməyə başladı. Dünya mediasına milyardlarla pul xərcləsən belə, ölkəyə bu cür hörmət qazandıra bilməzdin. Bir sözlə, jurnalistin işi başqadır.

Dövlətin yerinə mən  düşünsəm, deyərəm ki, buraxın getsinlər. Azad bazar, rəqabət mühiti verərdim, kim başını saxlaya bilir -saxlasın. Saxlaya bilməyən getsin “dövlətçiliyə xidmətini” polisdə, sərhəd qoşunlarında çəksin.

“Dövlət qayğısı” medianı qlamurlaşdırar, modernləşdirməz. Modernləşmə üçün azad rəqabət lazımdır.

Xidmətçi jurnalistlər iki dəfə hamını aldadıblar. Bir dəfə müxalifət liderləri elə bildilər ki, onlar evdə oturacaqlar, jurnalistlər hökumətin zibillərini açıb xalqı qızışdıracaq və bunlar hakimiyyətə gələcəklər. İkinci dəfə hakimiyyət elə bildi ki, bütün gücü göstərməçi proyektlərə yönəldəcək, xidmətçi jurnalistlər də onların işini dünyanın gözünə soxacaqlar. Heç biri alınmadı. Arada toplum dəqiq məlumatlardan ayrı düşdü, sürətlə irəliləyən dünyadan  geri qaldı.

İki böyük aldanışdan sonra gərək siyasətçilər medianın yaxasından əl çəkələr.  Dediyimiz kimi, yuxarıların işi getdiyi üçün onlara reforma lazım deyil. Qalır işi getməyənlər. Jurnalistlər. Bu çəkilmiş cızığın içində, jolomanların yanında nə işiniz var?  İmkanınız varsa, başqa bir dolanışıq yolu tapın, bir az da imkanınız varsa, kiçik proyektlərə girişin. Qoy ən kiçik olsun. Qoy bloq olsun. Qoy FB olsun. Gələcəyin mediasını siz yaradacaqsınız.

Müəllif: Rövşən Əliyev

rovshen-aliyev

Facebook şərhlər

Oxşar

Oxucudan şikayət

Gerçək deyə bir şey qalmadı artıq. Nə oxuduğumuz, nə gördüyümüz, nə də

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki