Medianın ciddiliyi nəylə ölçülür?

TV-nin şou poqramında birisi zarafatla təpik atdı – cəmiyyətimiz o dəqiqə nəticə çıxardı ki, bu TV ciddi deyil, mediamız düşükləşib.
Ancaq sualı belə qoyaq. Düşüklük və ciddilik necə ölçülür?
Dünya ölkələrinin az qala hamısında (Səudiyyyə, İran, Güzey Koreya tipliləri çıxsaq), TV-lərdə şou proqramları var. Təpik də atırlar, arada ağızlarından ədəbzis sözlər də çıxır. Bəs bu ölkələrinin mediasını niyə düşük saymırıq?
 
Yaxud, başqa bir örnək. BBC belə bir material hazırlayıb: “Göbəkdə tiftik necə yığılır?” BBC-nin Azərbaycan xidməti onu tərcümə eləyib yayımlayıb. BBC-nin ingiliscəsinə belə materialları yaymağı irad tutmuruq. Bəs azərbaycancasına niyə irad tuturuq? Natamamlıq kompleksi? Öz düzəltdiyimiz ikili standartlar?
Tələsməyin. Əvvəlcə ciddi medianın kriteriyalarını aydınlaşdırmalıyıq. Və qəbul eləməliyik ki, mövzu məhdudiyyəti, tabular mətbuat azadlığı ilə bir araya sığımır. Auditoriya rəngarəngdir. Hər seqment üçün hər hansı informasiya maraqlı ola bilər. Hər seqmentin öz seçim haqqı var. Və bu seçimə uyğun materiallar yayımlamaqla media orqanı öz auditoriyasını genişləndirməyə, onun tələbatını ödəməyə çalışır.
 
Bəs elə bir informasiya növü və ya növləri varmı ki, onsuz media ciddi saılmasın?
 
Bəli, gəldik çıxdıq əsas məsələyə. 3 sahə var ki, hər hansı ölkənin mediası o sahəni ardıcıl və obyektiv işıqlandırmırsa, o ölkədə ciddi xəbər mediası yoxdur. Həmin sahələr bunlardır: siyasət, iqtisadiyyat, təhlükəsizlik. Ölkənin ana axın mediası, aparıcı mediası, ictimai TV-ləri bu sahələrə aid vacib məlumatları vermirsə, deməli, o ölkədə normal jurnalistika yoxdur. (Vacib deyərkən, bu günə və gələcəyə təsiri olan hadisələr, proseslər nəzərdə tutulur.) 
 
Özəl medianın qarşısında isə heç bir öhdəlik yoxdur. Öz biznesini bu 3 sahəni işıqlandırmaq üzərində də qura bilər, təpik-şou proqramları üzərində də. 
 
Qayıdaq diskusisyalara səbəb olan şou-təpik məsələsinə. Veriliş özəl TV-də gedib. Bu TV-nin siyasi, iqtisadi və təhlükəsizlik sahəsində bizi bilgiləndirmək öhdəliyi yoxdur. O, təpik şoularının ən gözəlini yarada bilsə, öz seqmenti üçün ciddi media sayıla bilər.
 
Ancaq dediyimiz 3 əsas sahəni işıqlandırmağa borclu olan xəbər mediamız var. Ən azından İTV, AzTV, Azərinform. Onlar yarandıqları gündən tərəfkeş, yarınan, qərəzli xəbərlər verməklə bu işin öhdəsindən gəlməyiblər. Yəni ciddi olmayıblar. Tamaşaçılarımızın, oxucularımızın onlara qarşı kütləvi etirazlara çıxmalarına, onlardan ciddilik tələb eləmələrinə rast gəlibsinizmi? Xeyr. Bizim kütlənin gözündə qalstukda “smirno” vəziyyəti al – ciddi sayılmağa bəs edir. Bizim kütlənin gözündə ütülənməmiş sözlər, yeni fikirlər, ifadə formaları, fərqli yanaşma, alışılmamış tərz “bambılılıq”dır.
 
Təpik-şou ilə bağlı məsələni aydınlaşdırdıq. Bu şou proqramı öz işini AZTV-nin, İTV-nin xəbər proqramlarından daha ciddi görür.
 
Qaldı BBC.
BBC-nin ingiliscəsini ciddi xəbər mediası sayıram. 21 minə yaxn daimi işçisi var. Əməkdaşlıq eləyənləri də üstünə gələndə 34 minə çıxır. Yüzlərlə sahəyə aid mövzuda minlərlə verilişlər yayımlayır. Və o, göbəkdən də yaza bilər, göbələkdən də. Yenə ciddi sayılacaq.  Nədən ki, siyasi, iqtisadi, təhlükəsizlik məsələlərini ardıcıl işıqlandırır. 
BBC-nin azərbaycancası obyektiv səbəblərdən onunla müqayisəyə gələ bilməz. Resursları qıtdır. Ötən illərdə 5-6 nəfərlik ştatının yarısını da ixtisar eləyiblər.

Yəni onun Azərbaycandakı iqtisadi, siyasi və təhlüksizlik məsələlərini işıqlandrmağa belə resursu çatmır. Üstəlik ona qarşı rəngarənglik, işıqlandırılan seqmentləri genişləndirmək və sair tələbləri qoyulması mənə ciddi görsənmir. Əsas işini – önəmli siyasi, iqtisadi, təhlükəsizlik xəbərlərini hazırlayıb başa çatdırandan sonra göbək tiftiyindən yazmağa zamanı, resursu varsa, buyursun, yazsın.

 

Rövşən Əliyev

P.S. Əslində medianı dəyərəndirmək üçün kriteriyalar çoxdur.  Bu dəyərləndirmələrdən biri medianın dayanıqlığı indeksinin (MSI)  müəyyənləşdirilməsidir.  Başqa biri Mətbuat Azadlığı İndeksidir. Söz azadlığının qorunması, peşəkar jurnalistika, xəbər mənbələrinin müxtəlifliyi, media menecmenti, infrastruktur  peəkarlardan ibarət panelin köməyi ilə dəyərləndirilir. Bununla bağlı indikatorlar şkalası var.  Bu bazada yekun qiymət çıxarılır.  Ancaq bu yazıda məqsədimiz sadəcə media orqanının ciddiliyini adi oxucunun, tamaşaçının asanlıqla müəyyənlədirməsinə yardım eləməkdir.
Facebook şərhlər