Medianın populizmi və Dadaş Dadaşlinski

Dadaş Dadaşlinski mediadakı populizmə maraqlı örnəkdir. Populizm xalqa şirin görünməkdir. Siyasətdə örnəkləri çoxdur. Ən qəşəng materialı Amerikada Trampdadır, populist siyasət necə olar, bütün dünyaya master klas keçir. Lokal səviyyədə isə siyasətçi və bürokratların son bir il ərzindəki çıxışlarında xalq vurğusu çoxalıb, bu da populizmin əlamətidir. Xalqı da ki tanıyırsınız, cəmiyyətdəki imtiyazsız kütlələrin adıdır. Ölkədə siyasət ən yüksək səviyyədə xalqı düşünmək, xalq üçün düşünmək, xalqı korrupsiyadan, yarıtmaz məmurdan xilas etmək və s. kimi içində “xalq” sözü keçən hədəflərə köklənib. Arzu olunur ki, bunun üçün media körpü rolunu oynamalı, xalqın probleminə biganə qalmamalı, xalqın şikayətini siyasətə çatdırmalıdır. Kobudca siyasət-media-xalq üçbucağında gəldiyimiz yer buradır.

Dadaş Dadaşlinski də öz kreslosunu bu yerin tam ortasına qoyub deməyə çalışır ki, o körpü mənəm. Bir yandan xalqdan nə istədiyini öyrənir, o biri yandan da siyasətdən nə verdiyini soruşur. Populizm yanaşmasıyla baxsaq, Dadaş müəllim xalqa şirin görünmək istəyir, xalqı sosial mediada incələyir, şikayətlərini öyrənir, bütün populist siyasətçilər kimi xalqın ürəyindən keçənləri demək yoluyla populyarlaşmaq istəyir. Populist siyasətçinin məqsədi daha çox səs almaqdırsa, populist media fiqurunun da məqsədi daha çox oxunmaq və ya baxılmaqdır. Alınırmı? Alınır. İşə yarayırmı? Yarayır, amma xalqın əvəzinə populizmin dəyirmanına su daşıyır.

Məsələ burasındadır ki, populizmin alqışlarla böyüdüyü cəmiyyətlərdə insanlar nəticələrdə birləşib səbəblərdə ayrılırlar. Ayrılıq səs ya da tamaşaçı itgisidir, buna yol vermək olmaz. Ona görə də tamaşaçını bölmək olmaz, nəticələrdən (şikayətlərdən) danışıb səbəblərə girməmək populizmin ən yekə hoqqasıdır. Bu gedişlə yenə ekrandaki müzakirələr bir-birinə bənzəyəcək. Çünki şikayet eynidirsə, hamı eyni şeydən danışacaq. Səbəblərdəki fərqli yanaşmalar müzakirələrdə özünə yer tapmayacaq.

Əsas sual odur ki, media populizm yerinə həqiqi işinə qayıdacaqmı? Nə olduğunu deməklə kifayətlənəcəkmi? Sosial mediadakı populizm qurbanlarından çəkinməsəm, yazacam ki, mediada hələ nə olduğu da düz-əməlli deyilmir, söz yox ki, əvvəl ümumiyyətlə, heç nə deyilmirdi. Nə isə.

Medianın populizmi nə olduğunu deyib, niyə olduğunu deməməyə çalışanda başlayır. Ona görə də proses yerinə nəticələr, prinsip yerinə şəxslər, həll əvəzinə şikayətlər gündəmdə olur. Dünya və ya cəmiyyət üçün yox,  özü üçün bir məqsədi var. Məqsədi də şikayəti aradan qaldırmaq yox, o şikayətin populyarlığından pay qoparmaqdır.

Ayrıca biz bu filmi daha əvvəl də görmüşük. Azərbaycanda medianin populizm macərasını anlamaq üçün baxılacaq ən ideal fiqur ANS ekranındakı Mirşahin olub. Uzun illər ürəyi dolu tamaşaçının köpünü alıb. Son vaxtlardakı performansıyla da peşəkar intiharını “real”laşdırıb. İndi ondan qalan populist jurnalist kreslosuna Dadaşlinski oturmaq istəyir. Nə deyək, axırı Mirşahin kimi olmasın.

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki

Kimdir bu MTN-çi jurnalistlər?

Dünya media tarixi məxfi təhlükəsizlik xidmətlərinin jurnalistlərlə əməkdaşlıq skandallarıyla doludur. Nə uzağa