Oxucudan şikayət

Gerçək deyə bir şey qalmadı artıq. Nə oxuduğumuz, nə gördüyümüz, nə də eşitdiyimiz hər şey gerçəyi təmsil edir. Kimin kimə hansı məqsədlə necə təsir etmək üçün yazdığını, çəkdiyini, paylaşdığını mühakimə etməyi bacarmalıyıq. Paranoyak oxucu olaq demirəm, ancaq şüurlu oxucu olmaq da çətin deyil.

“Median.cafe”dəki yazılarımızı oxuyanlar, sosial mediada izləyənlər bilir ki, hərdən xəbər mediasını tənqid edir, jurnalistikamız haqqında fikirlərimi bölüşürəm. Ancaq jurnalistikanın inkişafına təsir edən bir qüvvə daha var ki, onu bəzən nəzərə almıram. Bu yazıda onlardan – oxucu və tamaşaçılardan danışmaq istəyirəm,  yəni özümüzdən.

Oxucu da kopyala-yapışdırıcıdır: Yazdıqları xəbərlərin başqa saytlar tərəfindən istinad edilmədən yayılmasından şikayət edən bir jurnalist vardı. Copy-paste jurnalistikanı tənqid edirdi. Xeyli də dəstək rəyləri alırdı. Bir gün sosial mediada başqasının postunu özününkü kimi paylaşmışdı. Dinc durmayıb irad bildirmişdim. Oxucular kopyala-yapışdır xəbərlərdən şikayətçi olsalar da, bəzən özləri də eyni səhvə yol verməkdə ayıb görmürlər. Sosial mediada paylaşdığımız məzmunların arxasındakı insan əməyinə zərrə hörmət etmirik. Jurnalistikada ayıbladığımızı oxucu edəndə bir qəbahət görmürük. Əksi də olur. Oxucu kimi yazanda fəxr elədiklərimizi jurnalistlər edəndə tənqid qılıncımızın önü də kəsir, arxası da.

Nəyə inanırıqsa, onu oxuyuruq: Təlatümlü aylar yaşayırıq. Əsəblər gərgindir. Qeyri-müəyyənlik hökm sürür. Koronavirus xəbərləriylə başlayıb icra başçılarının həbsi görüntüləriylə günləri yola veririk. Hər tərəfdən informasiya bombardmanına məruz qalırıq, onlar arasında ağı qaradan seçməyə çalışırıq. Ancaq inanmaq istədiyimizə inanırıq, inanmadıqlarımızı isə yalançılıqla, qeyri-peşəkarlıqla, satılmışlıqla və bir sürü etiketlə suçlayırıq. Qəzəbi soyumayanlar isə onlara  “zurnalist” deyib ürəyini boşaldır. Əslində inanmaq istədiyindən başqa gerçəkliyi qəbul etməyən oxucu üçün digər jurnalistlərin hamısı “zurnalist”dir. Belə oxuculara azca mühakimə edə bilsinlər deyə şans verən xəbərləri də görməzdən gələrlər. Əgər koronavirusun bioloji silah olduğuna inanırsa, bunu deyən hər informasiyanı sosial mediada paylaşırlar.

Hamı mənim kimi fikirləşsin: İnanmaq istədiyinə inanan oxucu həm də oxumaq istədiyini axtaran oxucudur. Məqsədi öz fikrini təsdiqlətdirib, tək olmadığını hiss etməkdir. Təkcə sosial mediada izlədiyimiz şəxsləri analiz etsək, görərik ki, dost siyahımızın əksəriyyətini özümüz kimi düşünənlər arasından seçirik. Alternativ fikrə, zidd rəylərə dözümümüz qalmayıb. Bizə elə xəbərlər lazımdır ki, onları oxuyanda “hamı mənim kimi fikirləşir” deyə bilək.

Daha çox layk – daha çox oxucu: “Hamı mənim kimi fikirləşsin” arzusu hamı məni layk eləsin, paylaşsın arzusudur həm də. Bəli, xəbər mediasının tək dərdi daha çox kliklənmək, daha çox oxucu yığmaqdır. Bunun üçün hər hoqqadan çıxan xəbər saytlarına tez-tez rastlayırıq. Ya biz? Daha çox layk, daha çox share üçün biz də ağına-bozuna baxmadan, doğruluğundan əmin olmadan hər şeyi paylaşırıq. Xəbər saytları üçün IP – klik sayı nədirsə, oxucu üçün də layk, share odur. Oxucu layk və share üçün nə qədər ucuzçuluğa gedə bilərsə, jurnalist də klik sayı üçün o qədər düşüklüyə əl ata bilər. İllah da düşüklük lazım deyil. Yalan olub əks-sədası qulaq deşən məlumatları, fotoları, videoları daha çox layk üçün paylaşdığımız kimi, jurnalistlər də səs-küy salacağına inandıqları xəbərləri dəqiqləşdirmədən yazmağa istəklidirlər. Çünki reaksiyası da səs-küylüdür. Təkcə bu durum belə xəbər mediasından, jurnalistlərdən şikayət edərkən nəfəs alıb özümüzü də tərəiziyə çıxarmalı olduğumuzu görmək üçün kifayət edər.

Oxucu kimə istinad edir? Xəbərlərdə tez-tez rastlayarıq: “etibarlı mənbədən aldığımız məlumata görə” başlayan xəbərlər oxuyanda, ya da falçıya istinad edib neftin gələcəyiylə bağlı proqnozlar verən media mətnlərində informasiyanın mənbəyi çox şübhəli qalır. Bəs bizim sosial mediada, whatsapp qruplarında yaydığımız informasiyaların mənbəyi nə qədər aydın, nə qədər dəqiqdir? “Qonşumuzun gəlini”nə istinad edən məlumatlarla kimləri öldürüb, kimləri sağaltmadıq ki? Xətrini istədiyimiz bir dostumuz haqq-hüquq axtarışına çıxıb kimdənsə şikayət edəndə, haqlı olub-olmadığına baxmadan o şikayəti paylaşıb yayırıq. “Ya çirkli məqsədi varsa?” sualını isə ağlımıza gətirmirik.

Pis olanı daha çox yayırıq: Bəzən sosial mediada rastlayıram. Pis hadisələrdən bəhs edən xəbərləri yazdıqları üçün jurnalistləri qınayan oxucular çoxdur. Məsələn, intihar, uşaq zorakılıqları kimi mövzular oxucular tərəfindən xoş qarşılanmaz, bu kimi hadisələrin daha çox yayılmasından narahat olarlar. Amma oxucular da sosial mediada  fərqli deyillər. Etik süzgəclərindən keçməyən hadisələri paylaşaraq “pis”in daha çox yayılmasında aktiv rol oynayarlar. Pis fikirləri paylaşıb sərt reaksiya göstərəndə, gülünc fikirləri lağa qoyanda elə zənn edirik ki, bu fikirlərin müəllifləri utanacaqlar və ya gözdən düşəcəklər. Amma əksi olur. Onlar özünə minlərlə feysdaş qazanır, pis fikirlərini yüz minlərlə insana çatdırmış olurlar. Hətta dəstəkçilərinin də sayı artır.

Tamaşaçı səmimi olmayanda: Bir neçə il əvvəl dostlarla çay süfrəsi arxasında ölkə televiziyasını müzakirə etmək istəyərkən heyrətlənmişdim. Dostların biri ümumiyyətlə televizora baxmadığını, o biri Türkiyə telekanalları izlədiyini, digəri sadəcə xəbərlər üçün hərdən Euronewsa baxdığını demişdi. Hətta Discovery Channel kimi sənədli film kanalının daimi tamaşaçası olduğunu deyən də vardı. Sonra hansısa mövzu açılmışdı, tam xatırlamıram, amma yuxarıdakı dostlar ekrandakı zaurlardan başlayıb “səni axtarıram”larla davam edərək ölkə teleməkanının xülasəni çıxarmışdılar.

Deməyim odur ki, biz oxucu və tamaşaçılar ekranda görəndə ağız büzüb bəyənmədiyimiz, özümüzə yaraşdırmadıqlarımızı Youtube trend siyahılarında ön sıraya çıxaran insanlarıq. Ekrandakı səmimiyyət nə qədər saxtadırsa, o saxtakarlıqdan şikayətimiz də o qədər qeyri-səmimidir.

İndi düşünmək vaxtıdır. Oxucular qeyri-ciddi, yalançı, savadsız, tərəfli, əxlaqsız, ədalətsiz, saxtakar və s. deyib tənqid elədikləri jurnalistikanın bu durumunda nə qədər rol oynadıqlarını düşünməlidir. Bu media həm də biz oxucuların əsəri deyilmi?

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki