Foto mənbəsi: prnewswire.com

Robot jurnalist robotlaşmış jurnalistlərə qarşı

Gəncliyimiz gələcəkdə insan yerinə düşünə bilən kompüterlərin idarə etdiyi bir dünyada yaşayacağımızı iddia edən elmi-fantastik filmlərə baxmaqla keçdi. Bizdən lap çox əvvəl, 1950-ci illərdə Alan Turinqin ortaya atdığı sual vardı: “Cihazlar bizim yerimizə düşünə bilərmi?” Artıq bir neçə ildir dünyanın öndə gələn xəbər mediasında maliyyə, idman, qəza və fəlakət xəbərlərini robotların yazdığını düşünəndə Turinqin sualını heyrətlə qarşılamaqdan vaz keçirik. İndi həmin sualı bəlkə də dəyişdirib, texnologiyanın bizim yerimizə düşünmə qabiliyyətinin sərhəddini müəyyənləşdirməyə çalışırıq. Robot jurnalistlər və ya robot redaktorlar xəbər hazırlama prosesinə qoşulub, bu prosesdə redaktorun emosiyalarını alqoritmlərin soyuq məntiqi əvəz edir, süni zəka araşdırmaları xəbərçilik praktikasına inteqrasiya olunur.

Robot jurnalistikanın məntiqi çox bəsitdir. Faktları proqrama daxil edirsən və ya proqram özü faktları müəyyən bazalardan alır və kompüter yaza biləcəyin xəbər mətnini hazırlayır. Xəbər mediasındakı robot jurnalistika bəlkə də jurnalistika təfəkküründəki robotlaşmaya cavabdır. Hazırda “şok”, “dəhşət” və s. kimi başlıqlarla yayılan xəbərlər robot jurnalistikanın ortaya çıxardığı xəbər mətnlərində daha etik və sadə çərçivəyə oturur. Bu gün Azərbaycan xəbər mediasında görülən işlərin, yazılan xəbərlərin, atılan başlıqların çoxunu, dünya xəbər mediasındakı məhsulların da yarısını beş-on ilə robot jurnalistlər yerinə yetirəcək. İndiki praktikayla günü yola verən jurnalistlərin də 90 faizi işsiz qalacaq. Əslində isə, robotların jurnalistikada edə bilməyəcəyi çoxlu sayda fəaliyyət sahəsi var və kariyerasını jurnalistikada planlaşdıran gənclər bu sahələrə istiqamətlənməlidirlər.

Robot jurnalistlər xəbər mediasına nə kimi yeniliklər gətirirlər? Hər şeydən öncə, jurnalistika və kompüter mühəndislərinin fəaliyyət sahələri arasında sürətli yaxınlaşma baş verir. Robot jurnalistlər daha çox maliyyə, idman, statstika və s. kimi rəqəmlərin üstünlük təşkil etdiyi xəbərləri yaza bilirlər. Süni zəka sahəsindəki yeniliklər göstərir ki, yaxın gələcəkdə robot texnologiyası digər xəbər mətnlərinin hazırlanmasında da prosesə qoşulacaq. Məsələn, ABŞ qəzetlərində Təmsilçilər Məclisindən keçən bir qanun haqqında xəbər oxuyursan. İnternetə ABŞ-ın hansı ştatından daxil olursansa, o ştatdan seçilmiş təmsilçilərin qanun layihəsinə hansı səsi verdiyini öyrənə bilirsən. Bu məlumat robot tərəfindən xüsusi abzas kimi xəbər mətninə əlavə olunur. Süni zəka, robot texnologiyası xəbər mətnini bu cür selektiv qaydada induvidiallaşdıra bilir. Google tərəfindən maliyyələşən RADAR layihəsi çərçivəsində robot jurnalistlərin ay ərzində 30 min xəbər hazırlayacağı gözlənilir. Çinli professorun hazırladığı “Xiao Nan” adındakı robot redaktor zəlzələ haqqındakı xəbəri hadisədən 25 saniyə sonra hazırlayıb web saytında paylaşa bilir.

Christer Clerwall 46 nəfərlik qrupla işləyərək onlara həm robot həm də insan jurnalist tərəfindən yazılmış iki idman xəbərini oxutdurur və hər iki xəbəri necə qəbul etdikləriylə maraqlanır. Müəllif nəticələri “”Enter the Robot Journalist” məqaləsində oxucularla bölüşür. (Məqaləni ingiliscə buradan oxuya bilərsiniz) Araşdırmaya görə, insan tərəfindən yazılmış xəbər oxucuların nəzərində daha aydın və oxunaqlıdır, robot tərəfindən yazılan xəbər isə daha etibarlı və obyektivdir. Bunun başlıca səbəbi robot jurnalistlərin xəbəri yazarkən sadəcə faktlara əsaslanmasıdır.

Əlbəttə ki, robot jurnalist proqramlanmış olsa da, onu yaradan insanın məntiqindən asılı olaraq fəaliyyət göstərir. Yəni, insanın seçimindən asılı olaraq, robot jurnalist qəza xəbərini “dəhşət” nidasıyla da yaza bilər, soyuq və ciddi bir dillə də hadisəni xəbərləşdirə bilər. Amma hər iki halda, robot jurnalistika tendensiyası qəza xəbərinə “dəhşət” perspektivindən baxan jurnalisti işsizliyə məhkum edəcək. Media menecerləri anlayırlar ki, robot jurnalistika xəbər yazma maliyyətini azaldır və xəbər mediasına zaman qazandırır.

Robot jurnalistikanın xəbər mediasında qazandığı mövqe kimilərini (daha çox işsizlik səbəbilə) pessimizmə sürükləsə də, mən pozitiv yanaşmanın tərəfdarıyam. Xəbər mətnlərinin hazırlanmasında robotlarla gələn avtomatlaşma jurnalistikadakı təkrarlanan hadisələrin yazılması kimi gündəlik adi işlərin böyük bir hissəsi üçün iş yeri açma maliyyətini aradan qaldırır. Həqiqi jurnalistlərin sadəcə müəyyən qaydalara tabe olan texniki işçilərdən fərqlənməsi üçün qapı aralayır. Həqiqi jurnalistika üçün daha artıq zaman yaradır.

Robot jurnalistika heç vaxt gerçək jurnalistikanın yerini tutmayacaq. Bu ümidvericidir, çünki robot jurnalistika inkişaf etdikcə robotlaşmış jurnalistika sıradan çıxmağa məcbur qalacaq. Robotlaşmış jurnalistika öz kreslosunu kopya olmayan mövzulara yönələn, araşdıran, masa arxasında oturmayıb insanların ayağına gedən, cəmiyyətlə qaynayıb-qarışan jurnalistikaya təhvil verəcək.

Siyasi-iqtisadi səbəblərdən gerçək jurnalistikaya ehtiyac duyulmursa, ona şərait yaradılmırsa nə olacaq? O zaman bütün nümayəndələriylə birgə robotlaşmış cəmiyyət olaraq robotların diktəsinə məhkum qalacaq. Dünya “robot jurnalist”lərin töhfələrini müzakirə edərkən digərləri hələ də o qədər problemi unudub “reket jurnalist”ləri hədəf göstərməyə davam edəcək.

P.S.: Jurnalistikada texnoloji yeniliklər və ya yeni media mühitində jurnalistikanın gələcəyi ilə maraqlanan gənclərə bu saytları məsləhət görürəm: “Niemanlab“, “Journalism“, “Poynter“, Guardian qəzetinin Developer Bloqu, Harvard Kennedy Schoolun Journalist’s Resource saytı, Reuters İnstitunun hesabatları

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Oxucudan şikayət

Gerçək deyə bir şey qalmadı artıq. Nə oxuduğumuz, nə gördüyümüz, nə də

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki