Şok edən, dəhşətə salan başlıqlar

 

Əvvəlcə ideal olanı yada salaq. Xəbər başlığı o xəbərin nə haqqında olduğunu göstərə bilməlidir ki, sadəcə maraqlanan oxucu o xəbəri oxumağa davam etsin. Klassik jurnalistikada başlıqların seçimində bu ideal standarta əməl olunmağa çalışılırdı. Qəzetin məqsədi oxucunun əlində uzun müddət qalmaq deyil, oxucuya maraq göstərdiyi  informasiyalar təqdim etmək idi. İndi bu qayda tarixdə qaldı. İnternetin xəbərin yazılma və oxunma prosesini dəyişdirməsi nəticəsində yeganə məqsəd xəbər oxumaqdan çox xəbər məkanında vaxt keçirməkdir. Daha çox kliklənməkdir. Daha çox IP yığmaqdır. Jurnalistika üçün artıq kliklənmə, səhifə ziyarətləri və sosial şəbəkələrdə paylaşım əhəmiyyət qazanmağa başlayır. Belə olanda da hər gün sosial şəbəkələrdə qarşımıza bir-birindən “dəhşətli”, “inanılmaz”, “şok”  başlıqlar çıxır. Bizim  mediamız IP artırmağa köklənmiş bu praktikanı terminoloji sehrə bürüyüb “IP jurnalistikası” olaraq adlandırır. Amma mənə ingilizcədəki mənası ilə orijinal versiyası daha uyğun gəlir : click-bait (klik yemi). Məsələn bu başlıqlara baxın, tam da xəbər linkini açmaq üçün yem deyilmi?! :

“Dəhşətli qəza”: (hər gün baş verən, adi, çox vaxt ölüm faktının belə olmadığı bir qəza xəbəri.)

“Müğənni millət vəkilinin qızı ilə”: (Həyat yoldaşı ilə gəzən müğənnidən söhbət gedir.)

“Alimlərdən şok etiraf”: (İnternetin yaddaşı zəiflətdiyinə dair, ən azı 20 ildir dünya mediasında çıxan bəsit populyar sağlamlıq xəbəridir.)

“İnanılmaz hadisə”: (Xoruzun pişiyə hücum çəkməsindən danışılır.)

“Möhtəşəm görüş” (Seçki kampaniyası dövründə namizədlərdən birinin 3-5 nəfər seçici ilə görüşü nəzərdə tutulur.)

Xəbər mediası xəbəri krossvord məntiqi ilə hazırlayır. Oxucudan istəyir ki, başlığa baxıb özü xəbərin nə haqqında ola biləcəyini təxmin etsin. Çox vaxt da oxucu başlıq linkinə kliklədikdən sonra əlaqəsi olmayan məlumatlarla qarşılaşır.

Düşündürən məqamlardan biri də, dünyada IP artırmağa istiqamətlənmiş xəbərçilik praktikasının yeganə məqsədi dijital reklam bazarından pay qopartmaqdır. Bəs Azərbaycanda? Reklam bazarının məlum olduğu bir  ölkədə “sponsorlu” media qurumlarının xəbər saytları üçün daha çox kliklənmək, daha çox IP yığmaq hansı maddi gəlir mənbəyinə çevrilir ki?!

IP artırmağa xidmət edən başlıqlar (xəbərlər) ilə necə mübarizə aparılmalı? Facebook ötən ildən başlayaraq xəbər saytlarının IP artırma məqsədli paylaşımları ilə bağlı alqoritmlərində dəyişikliklərə gedir. Bunlardan biri də xəbər saytlarının paylaşdıqları şablon başlıqları analiz edir və məzmunla uyğunluğunu ölçür. Yersiz və şişirdilmiş başlıqlardan istifadə olunursa, həmin sayt sosial şəbəkədə daha az göstərilməyə çalışılır.

Facebook ilə iş qurtarmır. Özünə hörmət edən, ciddi, peşəkar xəbər qurumları və jurnalistlər də bu cür başlıqların tələsinə düşməməli, düşənləri də tənqid edə bilməlidir. Tövsiyə edirəm, Oxford Universiteti Reuters Jurnalistika İnstitutunun  ötən il dördüncüsünü hazırladığı “Dijital Xəbər Hesabatı”nı incələsinlər. Hesabatla tanış olmaq üçün link: http://www.digitalnewsreport.org/

Daha sonra isə vaxtına və zəkasına hörmət edən oxucular da  belə saytları bir kliklə cəsarətləndirməməlidirlər. Oxucular nə edə bilər ki? Aşağıdakı kimi qruplaşdıra bildiyim xəbər başlıqlarını klikləməkdən imtina edə, hətta o cür saytları birdəfəlik unuda bilərlər:

 Bu kimi başlıqları olan heç bir xəbər linkinə daxil olmamaqla xəbər saytlarının oxucu qarşısına atdığı klik yemlərindən sığortalanmaq mümkündür. Əks halda, belə xəbər müəlliflərinə ağlımızla məzələnmə imtiyazını bağışlamış oluruq.

1)  Başlığında “o”, “bu” şəxs əvəzliklərindən istifadə olunan xəbərlər:  “Bu şəxsi siz də tanıyın”, “Bu qız vəfasız çıxdı”, “O ölkə tarixin ən böyük borclanmasını etdi”, “Türkiyə ilə o ölkə arasında gərginlik”, “O ölkə Çinə səhvən raket atdı”.

2)  Başlığında şişirdilmiş sifətlər istifadə olunan xəbərlər: “Keçmiş polisin dəhşətli cinayətləri”, “Çinin ən kədərli ayısı”, “Azərbaycan Türkiyədən möhtəşəm silahlar alır”

3)  İnanmayacağınızı anons edən başlıqlar: “Buna inanmayacaqsınız”, “Bu, inanılmaz nəticədir”

4) “Şok”, “Son dəqiqə”, “təcili”, “eksklüziv” xəbərlər: “Həkimləri şoka salan əməliyyat”,  “Trampdan şok etiraf”,  “Şok ittiham”, “Şok açıqlama”, “Təcili istefa”, “Ön xətdən eksklüziv xəbər”

5) Mübtədası gizlənən xəbər başlıqları: “Rəsmən boşandılar”,  “Hamilə olduğunu gizlədir…”

6 ) Yarımçıq cümləli başlıqlar: “Qarabağ haqqında mahnı oxusaydı…”, “Başı kəsilən amerikalı jurnalistin yerinə olsaydınız…”, “Milli Şuranın tərkibi elə güclü olacaq ki…”, “Maşın piyadanı vurub…”

7) Xəbər içərisindən seçilmiş sitatlar: “İstəmirəm ki, hansısa deputat məni “saxlasın”, “Qadın 40 yaşdan sonra ana olarsa…”,  “Oğlumu ərim yatırdırdı, mən məşq edirdim”, “Qızımın şəklinə pis-pis şeylər yazdılar…”

8) Naməlum suallar: “Trampın inauqurasiyasına Azərbaycandan kimlər gedəcək?”, “Fətullah Gülən Misirə gedəcək?”, “ Gülben eks-ərinin evinə köçür?”, “Cəbhədə nə baş verib?”, “Lukaşenkonun maşınındakı sirli qadın kimdir?”

Zəruri qeydlər:

  • Yuxarıda örnək olaraq verilmiş, “IP artıran” xəbərlərlə sensasiyalı xəbərləri bir-birinə qarışdırmayın. Sensasiyalı xəbərlərin mahiyyətində heç olmasa jurnalistika praktikasından danışmaq mümkündür. “IP artıran” xəbərlər isə jurnalistika praktikası deyil, olsa-olsa dijital tələdir.
  • Yuxarıdakı xəbər başlıqları mənim uydurmam deyil. Hamısı ölkə mediasında yayılmış orijinal xəbər başlıqlarıdır. Üstəlik bu başlıqlar da hər gün artan tək adamlıq xəbər saytlarından yox, istifadəçi sayı çox olan, ciddi  qəbul olunduğunu müşahidə etdiyim,  IP jurnalistikasını tənqid edən və onlara ağız büzən iki xəbər saytından 16 yanvar 2017 tarixində götürülüb: “musavat.com” və “qafqazinfo.az”  

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Jurnalistika sifət istəmir

Xəbər yazarkən sifətlərdən mümkünsə istifadə olunmamasının tərəfdarıyam. Mümkünsə dedim, mümkün olduğuna da

Tərcümə xətaları

Xarici dildə danışa bilmək heç də həmin dildən müxtəlif səpkili tərcümələr edə