Tərəfsizlik haqqında tərəfli yazı

Mirşahin bəy deyir: “90-cı illərdə tərəfsiz jurnalistika terminini ölkəyə mən gətirmişəm. Ona görə ki, biz o vaxt Sovet İttifaqının vətəndaşlarıydıq. Sovet İttifaqını dəstəkləməmək üçün bu formul atılmışdı ortalığa. Bu bizim xeyrimizəydi. Azərbaycan müstəqil oldu, SSRİ dağıldı. İndi biz nəyi dağıdırıq? Gəlin hamı öz tərəfini elan etsin.”

Mirşahin bəyin tərəfsizliyi Azərbaycana gətirdiyini iddia etdiyi dövr konyektural olaraq tərəf seçməyin çox riskli olduğu, başına bəla almağa bərabər tutulduğu tarixi şərait idi. İndiki şəraitdə – tərəfini müəyyən edənlərin mükafatlandırıldığı dönəmdə Mirşahin bəyin hər kəsi tərəfini göstərməyə çağırması da çox anlamlı deyil. 19-cu əsrdə siyasi xəbərlərindən ötrü reklam gəlirlərinin azaldığını görən Qərb qəzetçilərinin gəlirlərini balanslaşdırmaq üçün ortaya atdığı tərəfsizlik tapıntısını 90-cı illərdə Azərbaycana gətirməyin arxasında da maraqları sığortalamaq yatırdı. “Tərəfsizliyi mən gətirdim, indi deyirəm bu boşdur, yığışdırın bunu” çağırışının arxasında da balanslaşdırılacaq marağın qalmaması, sığortanın qarantiyası dayanır.  Bu çağırışı da öz tarixi-siyasi-ictimai kontekstində oxumaq lazımdır.

Mirşahin bəyə əslində böyük təşəkkür düşür. Çünki, jurnalistikada problem heç vaxt tərəfsizlik olmayıb, tam əksinə bunun adını qoymamaq olub. Hava haqqında informasiya kimi rutin xəbərlərin bir qismində, ya da data jurnalistikasında tərəfsizlik problemi olmur. Analitik şərhlərdə də kimisə tərəfli olmaqla suçlamaq çox gülünc səslənir. Qalan bütün media məhsulları bu ikisinin ortasında yerləşir və bunlarda da tərəfsizliyin mümkün olmadığını görürük onsuz da. Problem jurnalistikanın tərəfli olub-olmamağı deyil, bunu açıqca dilə gətirib-gətirməməyidir. Otuz illik jurnalistika kariyerasının 28-də tərəfsiz olmadığı halda tərəfini gizlədib, son ikisində açıqca elan etməyi dürüstlük və səmimiyyət kateqoriyasında dəyərləndirmək mümkündürmü, bilmirəm, amma önəmli bir irəliləyiş olduğunu demək olar. O şərtlə ki, Mirşahin bəy səmimi davranıb “tərəf-sizlik” sözündən nə anladığını etiraf edə.

“Mən tərəfimi müəyyən edirəm, A şəxsini müdafiə edəcəyəm, B dövlətini qoruyacağam, C partiyasının bülleteni olacağam” demək tərəfini müəyyən etməkdən çox öz maraqlarını konyekturaya görə budamaqdr. Alverdir. Ya da Barthesin dediyi “əsl faşizm insanları susdurmaq yox, fikirlərini deməyə məcbur etməkdir” sözlərində olduğu kimi qoçuluq etməkdir. Bunun yerinə, nəzərdə tutduğu şey demokratiyanın tərəfindəyəm deyib fikir azadlığını, keyfiyyətli təhsilin tərəfindəyəm deyib təhsildə islahatları, sosial dövlətin tərəfindəyəm deyib sosial rifah islahatlarını, konstitusiyanın tərəfindəyəm deyib hamının qanun və məhkəmə qarşısında bərabər olduğu prinsipini dəstəkləyən tərəfli jurnalistika praktikasıdırsa, bizə də alqışlamaq düşər.

Jurnalistikada tərəfsizlik iddiasının sərhədini konkret qoymaq lazımdır. Jurnalist robot deyil. Jurnalistin dəyərlər sistemi var və o sistem də tərəfsizliyin sərhədini müəyyənləşdirir. Amma tərəf seçmək jurnalistikada şəxslərə, güclərə söykənmir, düşüncələr sisteminə, prinsiplərə əsaslanır. Məsələn, Guardian qəzeti qərar verir ki, artıq “iqlim dəyişikliyi” sözü yerinə “iqlim böhranı” ifadəsini istifadə edəcək. Bununla da “iqlim dəyişikliyi” kimi ətraf mühit siyasətini xoş göstərən pozitiv termindən imtina edərək öz tərəfini seçir.

Tərəfsizlik qulağa xoş gələn ifadədir, amma praktik təcrübəni izah edəndə əli-qolu bağlayan bir anlayışdır. Çünki istismar olunub, səhv başa düşülüb, bilərək yanlış təqdim olunub. Tərəfsizlik “qatıq qaradır” deyən bir adamın sayıqlamasını olduğu kimi yayıb bir yanlışı cəmiyyətə sırımaq deyil ki. Tərəfsizlik deyiləndə başa düşülən şey, qatığın ağ olduğunu göstərən doğru fikirləri, doğru bəyanları və ən əsası faktları ortaya qoymaqdır. Bunları edəndən sonra qatığın ağ olduğuna inandığını deməkdir tərəflilik. Əks halda qalan yarımçıq informasiyalara biz manipulyasiya deyirik. “Hər jurnalist tərəfini bildirməlidir” sözündəki manipulyasiya kimi.

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Tele-vizyon fərqi

Son zamanlar sosial şəbəkələrdə olsun, internet mediada olsun tez-tez Tv-lərimizin və proqramların

Üçüncü yol

Artıq kütləvi informasiya alış-verişi tək istiqamətli deyil. Kitablarda öyrədildiyi kimi kütləvi kommunikasiya