Üçüncü yol

Artıq kütləvi informasiya alış-verişi tək istiqamətli deyil. Kitablarda öyrədildiyi kimi kütləvi kommunikasiya bir mənbədən bir vasitəylə bir alıcıya göndərilən məlumat olmaqdan çıxdı. Artıq bu məlumat bir alıcıdan bir vasitəylə bir mənbəyə də göndərilə bilir. Yazırsan, oxuyurlar, razılaşırlar, paylaşırlar, razılaşmırlar, etiraz edirlər, cavab verirlər, o cavablar paylaşılır. 20-30 il əvvəlki kimi yazıb-oxunmaq ya da çəkib tamaşa edilmək üçün qohum, tanış tapşırığına ehtiyacınız yoxdur. Hətta bir az da qabağa gedim, jurnalistika istedadı və ya savadına da ehtiyacınız yoxdur.

Odur ki, bir bloqqeri və onun səhifəsini bir televiziya kanalı, bir qəzet, bir redaksiya ilə müqayisə edə bilməzsiniz. Onu özünüzlə, mənimlə, səninlə, dostunla, tanışınla müqayisə edə bilərsən. Çünki o da sənin, mənim və digərlərinin bərabər çıxış imkanı olan vasitələrdən istifadə edir. Çünki o da gündəlik həyatında danışdığını, bildiyini, qabiliyyəti nəyə çatırdısa onu ortaya qoyur.

Bloqqer jurnalist deyil. Fəaliyyəti hər hansı korporativ məsuliyyətə söykənmir, editorial proseslərdən keçmir. Onu jurnalistika prinsiplərindən çıxış edərək tənqid edə bilməzsiniz. Jurnalist etikası, peşəkarlıq prinsipləri ilə bir yerə çıxara bilməzsiniz onu. Heç onun buna ehtiyacı da yoxdur. Problem, onu çıxartdığınız yerdədir, ona yüklədiyiniz təmsil missiyasındadır.

Hamılıqla dərdimiz bahalı ev, bahalı maşın olduğu üçün araşdırmaçı jurnalistika anlayışımız da məmur villası, məmur avtomobili üzə çıxarmaqdan o tərəfə keçmir. Səhvimizin başlanğıc yeri buradır.

Xoşqədəmi “montajla, qurama ilə bizi aldadır” deyə az qalsın edam etməyə çalışan bir kütlənin hər hansı bloqqeri bəsit, içi boş, faktdan məhrum olan, sadəcə bir mövqeyi təmsil edir deyə, sadəcə ürəkdən tikan çıxarır deyə ucaltmağı da gözləniləndir.

Mehman jurnalist deyil. Hələ heç araşdırmaçı jurnalist qəti deyil. Bir araşdırması yoxdu, faktı yoxdu. Məsələn, bu ölkədə hər kəs hansı məmurun harada villası, zavodu, fabriki olduğunu onsuz da bilir. Araşdırmaçılıq bunun yollarını, bir məmurun necə zənginləşdiyini ortaya qoymaqdır. Hamının bildiyi reallığı bəzəyib təzədən hamıya satmaq deyil.

Onun bloqqerliyi problemlidir, ölçüsüzdür, dayandığı sərhədlər bəsit reallıqların vizual şovundan uzaqlaşa bilmir. Klassik medianın bacarıqsızlıq nümayiş etdirdiyi boşluqlar üzərində hərləndiyi üçün populyar ola bilir. Sadəcə söyüş və təhqirlərlə, alçaldıcı ifadələrlə bəzədilmiş şəxsi mövqeyi var. Bu qədər.

Əsas məsələ, 2003-cü ildə müxalifətçilərə “quduzlar” deyən ANS jurnalisti ilə məmurlara təhqirlər yağdıran bir bloqqeri eyni torbaya qoyub baxa bilməkdir. O vaxt “quduz” deyən jurnalistə etiraz edənlər bu gün kimlərəsə “şərəfsiz” deyən bloqqerə də bu ifadələri üçün haqq qazandırmamalıdır.

Mehman kimi bloqqerləri, “vətəndaş jurnalistlər”i nədir yaradan, populyarlaşdıran? Qərbdə kapitalist-sərmayə münasibətlərinin medianı ağuşuna almasından bezənlər, şərqdə isə iki gözü, iki qulağı siyasi hakimiyyətlərdə olan, onun dediyini deyən, demədiyini gizləyən mediadan gileylənənlər. Belə bloqqerlər bütün dünyada klassik medianın iqtisadi cəhətdən ələbaxımlılığından, siyasi cəhətdən iqtidara indekslənmiş xəbərçilik praktikasından yaranır. O praktika ki, sırf mülkiyyət münasibətləri fonunda hamıya gün kimi aydın olan gerçəklərin üstünü örtmək, daha doğrusu faktları görməmək məcburiyyətində qalır. Yeni media, sosial şəbəkələr də bu faktlar ətrafında gəzişmə bacarığı olan hər kəsə qapı açır.

Dövlət məmurunun bizneslə məşğul olmasını araşdırmaq, korrupsiya ehtimalını nəzərə alıb dərin qatlara enmək, səbəblərini xırdalamaq, nəticələrini araşdırmaq, faktlarla ortaya qoymaq. Bu bir seçimdir. Bu seçimin alternativi isə korrupsiyanı assosiasiya edir deyə məmur villasının fotoşəkilini paylaşmaq, avtomobilini nümayiş etdirməkdir. Birinci seçim media qurumlarına, ikinci seçim onun oxucu və tamaşaçılarına işarət edir. Birinci seçim reallaşmırsa, ikinci seçim zəruriləşir.

Klassik media ürəyindən keçəni demə yeri deyil. Klassik media ürəyindən keçənləri demək istəyənlərə şərait yaradılan yerdir. Bunu yarada bilməyəndə insanlar o fürsəti, o imkanı özləri axtarır tapır. Klassik mediayla yeni medianın fərqi də burdadır. Klassik media bu gerçəyin vaxtında fərqinə varıb toplumla qaynayıb-qarışma yolunu tapa bilsəydi, bu gün Facebook, Twitter deyə bir şeyə də ehtiyac qalmazdı.

Mehman jurnalist deyil. Bəlkə, bir az məcbur eləsəniz “vətəndaş jurnalist”dir. Bloqqerdir. Sosial şəbəkələrin aktiv istifadəçisi və məzmun yaradıcısıdır. Bu qədər. Ondan obyektivlik, tərəfsizlik, peşə etikası, fakt və s. tələb edə bilməzsiniz. Tələb edirsinizsə, o zaman gözünüz ya da əqliniz sizi aldadır. Qəhrəmanlaşdırılmamalıdır. Aktivizm dedikləri şey kliklə ölçülməməlidir.

Amma, unudulmamalıdır ki, o, bir gəncdir, özünə görə dünyagörüşü var, mövqeyi var. Ölkədə baş verənlərə dair kiminin bəyəndiyi, kiminin nifrət etdiyi yanaşması var. Bunlar da cinayət sayılmamalıdır. Təhqirlərini, söyüşlərini, nəzakətsizliklərini xoş görməliyik demirəm. Amma söz azadlığına duyduğumuz, duymaq məcburiyyətində olduğumuz ehtiramla tərbiyələndirməliyik. Onun yeri həbsxana deyil, azadlıq olmalıdır.

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Tele-vizyon fərqi

Son zamanlar sosial şəbəkələrdə olsun, internet mediada olsun tez-tez Tv-lərimizin və proqramların