Xəstəni kim öldürür: həkim, yoxsa jurnalist?

Ölüm xəbəri çıxan tanınmışları, hansı ki, səhər ölüm xəbəri yayılan, günün sonunda isə “mən yaşayıram axı” deyə səsini bizə çatdırmağa çalışanları xatırlayırsınız yəqin ki. Məsələn, aktyorlardan biri özü deyir ki, “məni mətbuatda beş dəfə öldürüb, beş dəfə dirildiblər”. Bəzi insanlar da tutulduqları “ölümcül xəstəliklər”dən dolayı öləcəklərini öyrənirlər xəbər mediasından. Çoxunun da həyatda qala biləcəyi heç nəzərə alınmadan.  Media və tibb münasibətlərinin analitik vitrinini belə sarı örnəklərlə doldurmaq istəməzdim, amma təəssüf ki, bu örnəklər mövzu haqqında çox şey ifadə edir. Başlıqdakı sualı bəzən ciddi-ciddi düşünürəm, xəstəni daha çox kim öldürür görəsən, həkimlər ya jurnalistlər?

İllər əvvəl “Medya ve Sağlık” kitabını yazarkən Türkiyə mediasında səhiyyə xəbərlərini araşdırmışdım. Bu gün Azərbaycan xəbər mediasındakı tibb sektoru ilə bağlı xəbərləri oxuyarkən həmin kitabdakı təsbitlərin real mənzərəsi ilə qarşılaşmaq çox düşündürücüdür.  Aradan keçən 15 ilə yaxın vaxt belə, xəbər mediasının tibbə və insan sağlamlığına yanaşmasını çox da dəyişdirməyib.

Tibbi jurnalistikada ən qalmaqallı mövzulardan biri həkim xətalarıdır. “Səriştəsiz həkimlər”dən “qatil həkimlər”ə uzanan bir səyahətə çıxarır bizi xəbər mediası. Həkimlər xəbər mediasında daha çox ölümlə nəticələnən tibbi səhvlər zamanı gündəmə gəlirlər. Həkim imici həkim səhvləri fonunda inşa edilir. Bu səhvləri yaradan səhiyyə sistemindəki struktur çatışmazlıqlarının rolu çox da mühakimə olunmur. Daha çox zərərçəkmişlərin dilindən bir həkim portreti çəkilir oxucu üçün. Problem ustalıqla fərdiləşdirilir. Günahkar portreti çəkilən həkim, tibb mütəxəssisi və ya səhiyyə müəssisəsinin cavab hüququ pozulur, onların mövqeyi çox vaxt nəzərə alınmır da. Sonra da həkimi tibb etikasına əməl etməməklə suçlayan jurnalistlə jurnalisti peşə etikasına dəvət edən həkim arasındakı sözlü atışmalara şahid oluruq.

“Günahkar həkim” imicinin qarşısında bir də reklam xarakterli, ödənişli xəbərlərlə uğurlu həkim profili yerləşdirilir. Əczaçılıq firmalarının dəstəklədiyi və ya özəl tibb müəssisələrinin maliyyələşdirdiyi belə xəbərlərdə də insan sağlamlığı uğurlu həkim imicinə qurban verilir. Ekranlardakı tibbi verilişlər də sağlamlıq mövzusunda bilgiləndirməkdən çox səhiyyə sektoruna marketinq xidməti göstərir. Beləcə oxucu bulanıq xəbər mühitində gerçək həkimlərin uğur hekayələrindən məhrum qalır.

Xəbər mediasındakı tibb xəbərlərinin əksəriyyəti xarici ölkələrin mediasında yer alan xəbərlərin tərcüməsindən ibarətdir. Sadəcə bir tərcümədən ibarətdir. Ya da əgər yerli xəbərdirsə, bilgi səviyyəsi yoxlanılmayan, mütəxəssisliyi araşdırılmayan mənbələrdən ötürülmüş məlumatlarla ya yeni xəstəliklər icad edilir, ya da yeni “möcüzəvi müalicələr” tapılır.  Tibb sisteminin uğurları da yenə fərdi zəmində həkim uğurlarıyla paralelləşdirilir.

Bəzi tibb xəbərləri insanlarda panikaya yol açır. Tibbi araşdırma prosesi haqqında məlumatsızlıqdan tibbi sınaq nəticələri sübutlu fakt kimi təqdim olunur. Kriminal xəbərlərdə cinayətkarla xəstə eyniləşdirilir, cinayətkarlıqla ruhi xəstəliklər arasında mütəxəssis rəyinə əsaslanmayan paralelliklər qurulur.

Bəzi xəstəliklər var ki, xüsusilə ruhi xəstəliklər, onlar haqqında xəbər mediasının yaratdığı metaforalar o xəstəliyi qorxunc, utanılası bir faciə kimi təqdim edir. Artıq xəstəlik diaqnoz olmaqdan çıxıb etiketə çevrilir. Bundan başqa, sağlamlıq medianın nəzərində gözəlliklə eyniləşdirilir, artıq çəki, qidalanma və s. kimi mövzularla tibb gözəlləşmə, kosmetika səviyyəsinə endirilir. Beləcə, media özü fərqində olmadan sağlamlıq məsələsinin bioloji mahiyyətini silərək onu ictimai və ideoloji statusa çevirir.

Araşdırmalar medianın yaydığı tibbi xəbərlərə insanların çox maraq göstərdiyini və inandığını ortaya qoyur. Media cəbhəsində isə tibbi xəbərlərin zərər və faydalarını diqqətə alan bir ixtisaslaşma yoxdur, bunun əvəzinə şou-biznes xəbərçiliyi məntiqiylə yanaşmaya üstünlük verilir. Tibbi məlumatların gerçəkliyi, elmiliyi, sübutluluğu lazımi səviyyədə araşdırılmır.  Sırf maraq oyatmaq və IP yığmaq üçün sensasiyalı, araşdırılmamış, mütəxəssis rəyindən məhrum xəbərlərlə insanlara şok diaqnozlar qoyulur, saxta ümidlər vəd edilir və möcüzə müalicələr təklif olunur.

Xəbər mediasında tibb-səhiyyə sahəsində ixtisaslaşma yox səviyyəsindədir. “Rəqsanənin əri tapıldı” yazan jurnalist eyni əminliklə pomidorun xərçəng xəstəliyini müalicə etdiyini yaza bilir. Oxucu isə çox vaxt hər iki xəbərin heç bir editorial ələkdən keçmədiyini ayırd edə bilmir.

Tibbi xəbərlər, səhiyyə sektorundan yeniliklər bu sahədə ixtisaslaşmış jurnalistlər tərəfindən hazırlanmalıdır. Media qurumlarını buna razı salmaq da çətindir, müəyyən reallıqlar qarşısında çarələr təklif etmək yersizləşir. Amma oxuculara birbaşa təsir gücünə malik belə spesifik mövzularda  keyfiyyətli jurnalistikadan başqa çıxış yolu da görünmür.

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

 

Facebook şərhlər

Oxşar

Tele-vizyon fərqi

Son zamanlar sosial şəbəkələrdə olsun, internet mediada olsun tez-tez Tv-lərimizin və proqramların

Üçüncü yol

Artıq kütləvi informasiya alış-verişi tək istiqamətli deyil. Kitablarda öyrədildiyi kimi kütləvi kommunikasiya