Xəbərlərdəki kasıblar

Xəbər mətnlərinin təmsil gücünü müzakirəyə ehtiyac var. Həm də ciddi-ciddi. Təkcə qəzet və sayt xəbərləri yox, televiziya verilişlərində də təmsil problemini eşmək, analiz etmək aydınladıcıdır. İnsanlar həm özləri haqda, həm bilmədikləri başqa dünya və insanlar haqda mediadakı təmsil nisbətində məlumatlı olurlar. Medianın gücünü haradan aldığı sualına cavab axtaranların təmsil probleminə xüsusi diqqət ayırması da bu səbəbdəndir. İki ilə yaxındır iqtisadi böhran yaşanan, məzənnəsinin üzdüyü, iş yerlərinin bağlandığı bir məmləkətdə kasıb insanların mediadakı təmsili də bu çərçivədə düşünülməlidir.

Niyə mediada kasıb insanlar və yoxsulluq neqativ hadisələrlə xəbərləşdirilir? Bu xəbərlər niyə oxucu-tamaşaçının mərhəmət hissinə xitabən hazırlanır?  Niyə oğrular, qatillər yoxsuldurlar? Daha doğrusu media mətnlərindəki kasıbların hamısı niyə oğru, qatil, cinayətkar, xəstə olurlar? Yoxsulluq media üçün niyə təkcə bəsit statistikadır? Yoxsulluq niyə çarəsizlikdir? Jurnalist yoxsulluğu acizlik kimi göstərmək əvəzinə yoxsulluğun çarələri istiqamətində xəbərini formalaşdıra bilməzmi?

Yoxsulluq sistemin, qərarların, idarəetmənin, iqtisadi tənzimləmələrin fonunda işiqlandırılmaq əvəzinə fərdi problem kimi ortaya qoyulur. Yoxsulluq acizliyin, bacarıqsızlığın simvoluna çevrilir xəbərlərdə.  Oxucunun bu xəbərlərdən çıxardığı nəticə o olur ki,  “yoxsul” şəxsin çarəsizliyinin səbəbi elə onun öz bacarıqsızlığıdır. Mediada yoxsullluğun təmsil olunduğu xəbərlərin əsas mesajı ondan ibarət olur ki, “əgər yoxsulsunuzsa, səbəbkarı sizsiniz. Bacarıqlı olsaydınız, əlinizdən iş gəlsəydi siz də yoxsul olmazdınız”. Yoxsulluğun iqtisadi və siyasi əndazəsi araşdırılmır, bu çərçivədəki proseslər xəbər mətnində gizlədilir. Medianın “təmbəlliyi” yoxsulluğun fərdi problem olduğunu beynimizə yerləşdirir.

Mediadakı kasıblar ya realiti-şovlarda görünürlər, ya da kriminal xəbərlərdə. İqtisadi-sosial xarakterli xəbərlərdə isə yardım edilən, köməyə möhtac təbəqə kimi diqqəti cəlb edirlər.

 

Yoxsulluq bəzən cinayətlə bir tutulur. Yoxsulluq əsasən cinayətin səbəbi kimi göstərilir. Yoxsulluğun təmsil edildiyi xəbərlərdə səbəblərə vurğu tapmaq müşküldür. Bunun yerinə kifayət qədər nəticələr (qətl, cinayət, oğurluq, intihar və s.) daha çox qabardılır.

Bəzi xəbərlərdə yoxsulluq vurğusu qadınlar üzərindən özünü göstərir. Xəbər mətnlərində “zəif cins” qavrayışı yardıma möhtaclıq, kimsəsizlik, acizlik simvolu kimi yoxsulluqla örtüşdürülür.

Yoxsulluğun təmsili bəzən uğur hekayələrində də özünəməxsus qaydada çərçivələnir. İmkansızlıqlar içərisində əldə olunan uğurlar qabardılaraq “yoxsulluğa rəğmən uğur” fonunda həm yoxsulluq, həm onun həlli fərdiləşdirilir.

Yoxsulluq çox vaxt mediada maqazin hadisələri ilə, şou-biznes təmsilçilərinin həyat hekayəsi ilə birləşdirilir. Bu xəbərlərə baxanda elə başa düşürsən ki, bütün “məşhur”lar və “ulduz”lar imkansızlıqlar, ağır həyat şəraitində, bir qarın ac-bir qarın tox yaşayıblar və bir gün həqiqi bacarıqlarını ortaya qoyaraq yoxsulluqla vidalaşıblar. Oxşar çətin həyatı yaşayan ekran qarşısındakı tamaşaçıdan istənilir ki, sən bu gün “məşhur”ların həyatından məhrumsansa bacarıqsızsan, zəifsən.  Ekranın içindəki “məşhur”u yoxsulluqdan “xilas” edən ictimai-siyasi-iqtisadi proses ekranın qarşısındakı “kasıb”dan gizlədilir.

Klassik ədəbi mətnlərdə yoxsulluq insanlığın simvolu idi. Müasir media mətnlərində yoxsul bu simvolik iqtidarını itirib. Klassik ədəbi mətnlərdəki “dəyərli” kasıb, modern xəbər məhsullarında bacarıqsız, işə yaramayan, aciz bir şəxsə çevrilir. Media üçün kasıb şəxs dilənən ata, ağlayan ana, ayaqyalın uşaq, qatil dost, oğru qonşudur.  Kasıb üçün isə media, boğazdan kəsilərək kreditlə alınan televizor, qışda-boranda başına su tökülən evin damındakı peyk antenasıdır.

Buna görə də, bütün cəmiyyət fikirləşir ki, ölkədə kasıb yoxdur. Varsa da çox cüzi sayda insandır, marjinallaşmışdır. Mediadakı “kasıb”ı görən insanlar özünə “kasıb” deməyə utanır, kasıb olmadıqları üçün şükr etməyə başlayır.  “Ac olmamaq”la bərabər tutulan “ortabab”, “kasıb” olmayan həyat tərzi üçün minnət duymağa başlayırlar.   Mediadakı yoxsulluq utanılası hala dönür. Kimsə o hala düşmək istəmir. Düşsə belə, bunu gizlətməyə üstünlük verir.

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Oxucudan şikayət

Gerçək deyə bir şey qalmadı artıq. Nə oxuduğumuz, nə gördüyümüz, nə də

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki