Yavaş jurnalistika: Asta yaz xəbəri…

Xəbəri hamıdan öncə vermək üçün ölməyən məşhurlar öldürülür, sağalmayan xəstəliklərin müalicəsi tapılır, od olmayan yerdən tüstü çıxarılır, xəbər mətni ilə əlaqəsiz “şok” başlıqlar atılır. Yeni sürətli jurnalistika, internet çağında sosial şəbəkələrin qonaq etdiyi fürsətləri beləcə ucuza xərcləyib zay edir.

Bu gün mənzərə çoxlarının başını gicəlləndirsə də, qorxuncdur əslində.  İnsan oğlu ilk dəfə bu miqyasda informasiya bombardmanına məruz qalır. Son dəqiqələr, şok xəbərlər, təcili hadisələr, canlı yayımlar, hər saniyə yenilənən ana səhifələr. Sosial şəbəkə divarında şütüyən xəbər linkləri. Artıq təfərrüatla maraqlanan yox,  niyəsini düşünən yox, nəticəsini vecinə  alan yox.  “Öldürdü”, “soyundu”,  “evləndi”, “oldu”, “bitdi”, “qurtardı” ….. feilləri insanların xəbər mediası ilə əlaqəsini əsir götürüb.  Sosial media klassik medianı yedəyinə alıb məchul istiqamətə doğru aparır. Anlıq informasiyalar, anlıq məlumatlanma və bir sonrakı xəbər başlığı ilə unudulan soruşulmamış suallar. Tarixin bütün dövrlərində iqtidarların arzuladığı informasiya şəraiti tam da bu idi: yeni texnologiyalarla “peşəkarlaşmış” sürətli, məlumatlandıran amma öyrətməyən, göstərən amma gizlədən, cavab verən amma sualı olmayan jurnalistika.

Kimdir günahkar? Yuxarıdakı sətirlər yeni texnologiyanın, eləcə də  sosial şəbəkələrin də jurnalistikanı öldürməkdə olduğuna dair cəfəngiyyatlarla razılaşma deyildir, əksinə bu iddialara etirazdır.  İnternet də, sosial şəbəkələr də bizə gerçək jurnalistikanın nə dərəcədə önəmli olduğunu göstərir. Sürət, hamıdan öncə xəbər vermək artıq yeni media düzənində başucalığı sayılmır. Xəbər mediası üçün də sürət üz ağardan bir məziyyət olmaqdan çıxır. İnformasiya bombardmanına məruz qalmış zehinlər bir müddət sonra gerçək xəbəri, gerçək jurnalistikanı arzulayır. Bu təsbiti sosial şəbəkələrdəki oxucuların xəbər mediasına atəş püskürən paylaşımlarında da tapmaq mümkündür.

Kütləvi informasiya paylaşımı da nəqliyyat kimidir.  Hər ikisində yüksək sürət öldürür, ən yaxşı halda şikəst edir: nəqliyyatda fiziki, informasiyada isə əqli cəhətdən. Ona görə də, xəbərçilik praktikasının ictimai funksionallığını keyfiyyətli zəminə çəkə bilmək üçün yavaşlamaq lazımdır. “Yavaş jurnalistika”  da bu problemə cavab kimi terminləşib, jurnalistika ədəbiyyatına daxil olub.

“Yavaş jurnalistika” terminini ədəbiyyata qazandıran şəxs də keçmiş jurnalistlərdəndir. Susan Greenberg “Reuters”də işləyib, “The Guardian”da müxbir kimi fəaliyyət göstərib. 2007-ci ildə “yavaş jurnalistika” terminini ortaya atanda əsaslandırması çox sağlam idi. Hələ də sağlamdır. Müəllif iddia edir ki, xəbərin hazırlanmasında sərf olunan zamanın uzunluğu o xəbərin keyfiyyətini, doğruluğunu və etik standartlara uyğunluğunu da artırır. Bir xəbər üçün nə qədər çox vaxt sərf olunursa, o xəbər daha keyfiyyətlidir, ortaya qoyduğu faktlar sağlam araşdırmaya əsaslanır, etik prinsiplər nəzərə alınaraq hazırlanıb.

Yavaş jurnalistikanı şəxsən çox ciddiyə alıram. Niyəsini  son illərdə mediamız dolmanı çox sevdiyi üçün  yeməklə də təsvir edə bilərik: Sürətli xəbər fast food  yeməyidir, hamburger kimidir. Hazırlanması zəhmətsiz, həzmi asandır. Yavaş xəbər isə dolma kimidir, zəhmət tələb edir, amma yeyildiyi vaxt da ləzzətindən doymaq olmur. 

Sürətli xəbər medianın, jurnalistikanın öyünəcəyi sloqan olmaqdan çıxdı artıq. O mərhələni geridə qoyduq. Robot jurnalistlərin və ya robot redaktorların prosesə qoşulmağa başlaması, alqoritmlərin xəbər yazma prosesində əsas rol oynaması, süni zəka çalışmalarının xəbərçilik praktikasına inteqrasiyası çox yaxında jurnalistlərin sürətli xəbərə olan marağını da ortadan qaldıracaq. Google tərəfindən maliyyələşən RADAR layihəsi çərçivəsində robot jurnalistlərin ay ərzində 30 min xəbər hazırlayacağı gözlənilir. Yay aylarında Pekin Universitetindən bir professorun hazırladığı “Xiao Nan” adındakı robot redaktor Siçuandakı 7 ballıq zəlzələ haqqındakı xəbəri zəlzələdən 25 saniyə sonra hazırlayıb web saytında paylaşmışdı. Deməyim odur ki, sürət jurnalistikanın səciyyəvi məziyyəti olmaqdan çıxıb, bu artıq texnologiyanın, robotların işidir.

Dünyanın bir ucunda jurnalistlər robotlaşır, amma o biri ucunda robotlar jurnalistləşir. Robotların jurnalistləşdiyi bir dövrdə jurnalistlərin robotlaşması oxucu, tamaşaçı beyninə atılmış atom bombasıdır. Şəxsən bir oxucu kimi Lütfizadənin ölüm xəbərini avqust ayında almaqla sentyabr ayında öyrənmək mənim həyatımda heç nəyi dəyişdirmir. Ya da hansısa müğənninin ölüm xəbərini ilk öyrənmək də həmçinin. Onun yerinə, yazıldığı gün sətir aralarında unudulan, bilərək cavabsız qalan sualların dalınca düşən xəbərçilik daha cəzbedicidir. Yavaş jurnalistika bunu tələb edir çünki. Bu gün açıb baxın ölkə xəbər saytlarına, etik prinsipləri darmadağın edərcəsinə hər gün  təcavüz, azyaşlılara qarşı zorakılıq xəbərlərindən gözləriniz tutulacaq. Hansı ki, 5, uzağı 10 dəqiqədə yazılmış, yoxlamadan, hansısa saytdan “kopyala yapışdırla” çoxalan, ən yaxşı ehtimalla bir telefon zəngindən sonra alınmış ekspert rəyi ilə gözümüzü boyayan xəbərlərdir.  Halbuki, yavaş jurnalistika, xüsusilə etik həssaslığın pik səviyyədə olduğu belə mövzularda daha diqqətli və səbrli jurnalistika tələb edir. Eynilə, “Boston Globe” qəzetinin məşhur Spotlight komandasının kilsədəki pedofil qalmaqalı haqqındakı bir ildən çox davam edən araşdırmasındakı kimi. (Oxumağa həvəsiniz olmasa, “ən yaxşı film” Oskarını almış “Spotlight” filmini izləyin).

“Associated Press” xəbər agentliyinin ofisinə daxil olan hər jurnalist illər əvvəl lövhədəki bu sözlə başlayırdı iş gününə: “Xəbəri hamıdan öncə al, amma ondan əvvəl doğru al.” Bu sözlər xəbərin doğruluğu ilə sürətini paralel əhəmiyyət səviyyəsində tuturdu. Biri digərinin alternativi deyildi. Bu gün doğruluq əhəmiyyətini itirdi. Sürət öz alternativlərinin hamısını boğdu. Xəbər doğru deyilsə belə, üç-beş dəqiqə sonra yanlış xəbəri silirsən, olursan tərtəmiz. Artıq, biznes mühitində çox qarşılaşdığımız kimi, bir anda populyarlaşan trendlərin elə bir andaca çoxalıb gözdən düşdüyü Azərbaycanda internet xəbərçiliyi də gerçək jurnalistikanın gözdən salınmasına öz töhfəsini verir.

Doğruluq boş şeydir, əsas sürətdir. Çünki, xəbər, yazılması ilə deyil, silinməsi ilə gəlir mənbəyi yaradan bir əmtəəyə çevrilib. Bu da doğruluğu cəzbediciliyə qurban verməklə mümkünləşir. Bu durum, gücü təmsil edən bütün şəxs, qurum və qrupların tarix boyunca arzuladığı media mühiti olub. Propaqanda, manipulyasiya, təbliğat, təşviqat, yalan, uydurma xəbərlər faktın yerini tutub. Bu xəbərlərə imza atanlar da “peşəkar” tituluyla mükafatlandırılıblar.

Dünya peşəkar mediasının müzakirə etdiyi mövzulara baxın, bir də bizimkinə. Dünya jurnalistikasının araşdırdığı mövzulara və araşdırma metodlarına baxın, bir də bizimkinə. Başlanğıcda kiçik ehtimalları belə diqqətə alıb araşdırmaya aylarla tər tökürlər, minlərlə sənəd arasında dəqiqləşdirmə aparırlar. Bizim jurnalistikamız isə küçələrə çıxıb şəhər sakinlərinə mikrofon uzadıb “Azərbaycanın ən varlı məmuru kimdir?” deyə sorğu keçirir.  Sanki, ölkənin popstarını seçirlər, bircə  “TOP 10” siyahısı çatışmır. Bəzən klişələşmiş müqayisələr ikrah doğursa da, fikri çatdırmaqda çox işə yarayır. Ona görə də, dünya təcrübəsindəki yavaş jurnalistika örnəklərini yaxşı öyrənmək və təbliğ etmək lazımdır. Yoxsa, işimiz çətindir.

Müəllif:  Rizvan Qənbərli

rizvanqenberli5

Facebook şərhlər

Oxşar

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki

Kimdir bu MTN-çi jurnalistlər?

Dünya media tarixi məxfi təhlükəsizlik xidmətlərinin jurnalistlərlə əməkdaşlıq skandallarıyla doludur. Nə uzağa